Nazirlər Kabineti dil normalarının pozulmasına görə CƏRİMƏlərin tətbiqi təklifini qəbul edib


Digərləri 24 İyl 2019 07:48:00 256 0

Nazirlər Kabineti dil normalarının pozulmasına görə CƏRİMƏlərin tətbiqi təklifini qəbul edib

Azərbaycanda ədəbi dil normalarının pozulmasına görə cərimələrin tətbiq edilməsi barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Nazirlər Kabinetinə (NK) verdiyi təklif qəbul edilib.

Son.az bildirir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Direktorun sözlərinə görə, bu cərimələrin yeni yaradılacaq Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən tətbiq edilməsi nəzərdə tutulur.

Akademik mərkəzin noyabrın 1-dək fəaliyyətə başlayacağı qənaətindədir:

"Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması üçün bütün qanunverici sənədlər imzalanıb, yalnız Monitorinq Mərkəzinin yaradılması haqqında Prezidentin sərəncamının verilməsi məsələsi qalıb. Bu il noyabrın 1-də Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalamasının 1 ili tamam olacaq. Hesab edirəm ki, Mərkəz həmin vaxtadək - noyabrın 1-dək fəaliyyətə başlayacaq".