Rusların çörək qoxulamaq adəti


Digərləri 23 İyl 2019 22:35:00 253 0

Rusların çörək qoxulamaq adəti

Rusiyalıların araq içərkən çörək qoxulamağının səbəbini araşdırmaq Rusiyadakı həyat tərzinin reallıqlarına bir qapı açır.

"Bristolda bir nəfər Novichok adlı araq istehsal etməyə başlayır", - ev sahibəsi Nataşa Ward deyir.

"Və ona xəbərdarlıq edilir 'İstehsalı dərhal dayandır!"

Londonun cənubundakı evində biz qonaq edən Ward gülərək deyir. Masaya yeməkləri yığdıqca bizi onlarla tanış edir.

"Siyənək ilə başlayacağıq, tutma siyənək yox, duzlu. İngilislərin çuğundurdan zəhləsi gedir, çünki onu ancaq tutmada görüblər. Tutma siyənəklər meyitə oxşayırlar".

Ward bir neçə mədəniyyət dəyişib. O, yarı-rus, yarı-ingilisdir və Birləşmiş Millətlər, Angelina Jolie və Mixail Qorbaçov kimi böyük adlar üçün tərcüməçi işləyib. Bu tapşırıq - araq içərkən rusların niyə çörək iylədiyini izah etmək - Rusiyadakı həyat tərzinin reallıqlarına qapı açır.

Rusiya ilə Qərbin hazırkı münasibəti bir o qədər də isti deyil: Rusiya və Amerikanın nüvə silahları sazişindən çıxması, İngiltərədə Salisbury zəhərlənməsi və əlbəttə ki, 2018-ci il Dünya Kubokunun Rusiyada baş tutması.

"Rusiya yığmasının məğlubiyyətinə sevinmişdik", Anna İvanov deyir, həyat yoldaşı Mişa isə çiyinlərini çəkir.

Anna və Mişa Ward-un ən yaxın rəfiqəsi Helena Bayliss-in valideynləridir və onlar Rusiyadan 20 il əvvəl qızları ingilislə evlənən zaman köçüblər.

"Rusiya yığmasının hər qələbəsi mediada işıqlandırılırdı. Hamı bu haqda danışırdı".

"Yaxşı", Ward deyir, "hansı araqdan başlayaq?"

Seçim çox uğurlu olur, başqa cür ola da bilməzdi. Nə qədər olmasa, Rusiya Dövri Cədvəlin yaradıcısı Dmitri Mendeleyevin vətənidir.

Ward-un təklif etdiyi vodkalar arasında acı bibərlərdən hazırlanmış "perçovka" arağı, sadə rus arağı, Newfoundland-da və evdə çəkilmiş limonlu araq var idi.

"Bu əslində, 95 faiz tərkibli tibbi spirtdən hazırlanıb", Ward deyir, "ona su qatıb (yarıma-yarım), limon əlavə edirsən".

- "Eyni samaqon (ingiliscə Moonshine) kimi?"

"Yox, samaqon olsaydı, distillə edilmiş olardı", Bayliss gülməyə başladı, - "Nataşa, heç gözləməzdim!"

Bu kiçik yığıncağımızın iki səbəbi var: birincisi xoş vaxt keçirmək və ikincisi rusiyalıların araq içdikdən sonra, çörək qoxulamaq adətinə bələd olmaq.

İlk olaraq həm vodka, həm də onu içəcəyimiz stəkanlar soyuducunun buz gözündən çıxarıldı və Bayliss arağı russayağı içməyin incə məqamlarından danışmağa başladı.

"Araq soyuq olmalıdır, stəkan isə xırda və içər-içməz yemək üçün ya duzlu bir şey, ya da çovdar çörəyi qoyulmalıdır", - o deyir.

"Araqdan sonra, şirniyyat yemək olmaz, düz gəlməz".

"Yaxud", Ward əlavə edir, "Allah eləməmiş, heç nə yeməmək olmaz!"

İçkinin buz kimi soyuq olmağı heç də qorxulu səslənməsin, əksinə boğazdan rahatlıqla keçir.

"Qurtumlamaq və dadına baxmaqdan söhbət gedə bilməz", Bayliss deyir.

Bəs adamlar niyə onu içir? Onun anası güldü. "Sonrakı həzz üçün!"

Rusiyanın araq ritualı qədim ənənədir.

Həmin həzz ilə mən rusların çörək qoxulama ritualı vasitəsilə tanış olmuşam. Ward mən ən yaxın rəfiqəm Marşanın anasıdır.

Yeniyetmə ikən biz Marşa ilə anasının Rusiyaya iş səfərlərindən sonra təşkil etdiyi məclislərdə iştirak etməyi çox sevərdik. Masanı ekzotik spirtli içkilər, duzlu tutmalar və qara çörək bəzəyərdi.

Biz Ward ilə qonaqlarının ucadan gülərək hekayələr danışdığını və hər araqdan sonra nə isə yediklərini böyük məmnuniyyətlə izləyərdik.

Qonaqlar doyduqdan sonra - amma tost demək davam etdiyi üçün - onlar araqdan sonra, çörəyi yemək əvəzinə, iyləyərlərdi. Biz təəccübdən donub qalardıq.

İyirmi il sonra, həmin ritualı televizorda gördüm. Netflix seriallarından biri olan House of Cards-da ABŞ prezidenti ilə şam yeməyi edən Rusiya prezidenti arağı rus kimi içməyi təqdim edirdi. Qoxulamaq da öz yerində.

Televiziyada bu bir az mürəkkəb və teatr nümayişi kimi təqdim olunsa da ("Bunu hörmətli qonağın yanında etməzlər!" Ward iddia edir), dərin qoxulamaq fısıltısı eşidilirdi.

Serialın həmin seriyası ilə bağlı müxtəlif yazılar qələmə alındı: çörək, alkoqolun dadını uzaqlaşdırmaq üçün qoxulanır, rus tutmalarındakı duz və turş - Ward-un masasındakı kimi - alkoqolun neytrallaşmasına kömək olur.

Helena Bayliss: "Araq soyuq, stəkan xırda olmalıdır və araqdan sonra yeməyə duzlu bir şey qoyulmalıdır".

Lakin Ward və onun dostlarına əsasən, ritual təkcə tibbi əhəmiyyət daşımır, həm də sosial funksiyaya sahibdir: sonradan çörəyi yeyərək və ya qoxulayaraq arağı sərxoş olmaq üçün içmədiyini göstərirsən.

"Arağın ardınca yeməyə duzlu çörək tikəsi və ya siyənək, yaxud kürü yoxdursa, çörəyi qoxulayırsan", Bayliss deyir.

"Bu simvolikdir"

Ward razılaşır: "Qoxulamaq ancaq normal yemək almayacaq qədər kasıb olanda baş verir".