Qırxayağın neçə ayağı var?


Digərləri 23 İyl 2019 22:20:00 345 0

Qırxayağın neçə ayağı var?

Qırxayağı yəqin ki, hamı yaxşı tanıyır. Çoxsaylı uzun ayaqları, çevik yerişi, vahiməli görünüşü çox adamı ona "bədheybət" kimi baxmağa vadar edir. Bir çoxları elə bilir ki, qırxayaq gecə adamın üstünə çıxa bilir, qulağa girə bilir və s.

Çox az adam tapılar ki, qırxayağı görəndə onu dərhal öldürmək istəməsin.

Doğrudanmı o, bu qədər qorxunc və zərərlidir? Biz qırxayaq haqqında nə bilirik?

Son.az deyerler.org-a istinadən bildirir ki, qırxayaqlar ibtidai heyvanlardandır. Onlar xərçənglər, hörümçəklər, əqrəblər və bütün cücülərin də daxil olduğu buğumayaqlılar tipinə (çoxayaqlılar sinifüstüsü) aiddir. Başqa sözlə, onlar bütün sadalanan canlıların uzaq qohumları hesab olunur.

Biz tanıdığımız Adi qırxayağın ölçüsü 3-6 sm-dir. Ayaqları və bədəni zolaqlıdır. Doğrudanmı onun 40 ayağı var? Xeyr. Cəmisi 30-dur. Yetkin fərddə. Yumurtadan çıxan körpədə isə cəmi 4 cütdür. Hər qabıq dəyişmədə cütlərin sayı artır. Qırxayağın son ayaq cütü lap uzundur. Bəzən bədənindən 2 dəfə uzun olur. Ona görə qırxayağa baxanda başın harada, bədənin ucunun harada olduğunu müəyyən etmək çətin olur. Ayaqlar asanlıqla qopur və yerinə yeniləri əmələ gələ bilir.

Qırxayaqlar 7 ilə qədər yaşayırlar. Adətən, nəm, qaranlıq, gizli yerlərdə - zirzəmilərdə, hamam otaqlarında, təbiətdə isə xəzəl altında yaşamağa üstünlük verirlər. Onların qidasını cücülər, ilbizlər və ağac, yarpaq çürüntüləri təşkil edir.

Qırxayaqlar çox sürətlidir. 3 saniyəyə 1 m yolu qət edə bilirlər.

Onlar zəhərlidirmi? Bəli. Amma aqressiv deyillər və adət üzrə insanı gördükdə, qaçmağa üstünlük verirlər. Ona görə onlara toxunmayan insana əsla zərər yetirməzlər.