Yüksək bal toplayan abituriyentlər niyə


Digərləri 23 İyl 2019 20:09:00 234 0

Yüksək bal toplayan abituriyentlər niyə

Azərbaycanda iyulun 24-dən 2019-cu il üzrə ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi başlayır. İxtisas seçimi avqustun 6-dək davam etdiriləcək, Dövlət İmtahan Mərkəzi bildirib.

Təhlilçilərə görə, qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlər daha çox hüquq və ya tibb kimi ixtisasları seçir.

Bu ixtisasların illik təhsil haqqının digər sahələrə nisbətən baha, 4000-4500 manat olduğunu nəzərə alınarsa, bu sahələrə axının səbəbləri nədir?

"Atası gör necə yaxşı uşaq böyüdüb ki, gedib hüquq oxuyur"

Qəbul imtahanında 534 bal toplayan Arif Zeynalov (ad şərtidir) hesab edir ki, hüquq sahəsinə axının başlıca məqsədi pul qazanmaq istəyidir.

"İnsanlar arasında "filankəsin qızı, yaxud oğlu hüquqda, yaxud tibbdə oxuyur, deməli, çox savadlı, tərbiyəlidir. Atası gör necə yaxşı uşaq böyüdüb ki, gedib bu cür ixtisaslar oxuyur" kimi düşüncə tərzi var. Bununla da nəsildə hörmət qazanmaq məqsədi güdən valideynlər övladlarını hüquq və tibb kimi sahələri seçməyə məcbur edirlər", - o deyir.

Arif Zeynalov özü isə hüquq fakültəsində oxumaq istəyini bu sahəyə ehtiyac olduğunu görməsi ilə əlaqələndirir.

"Hazırda bir çox dövlət müəssisələrində, ya da adicə hansısa sənədləşmə ilə məşğul olan yerlərdə vətəndaşlardan qanunsuz şəkildə pul, rüşvət alınır. İnsanlar hüquqlarını öyrənsələr, belə şeylərin qabağını ala bilərlər", o, əlavə edir.

"Qız uşağısan, səni kimdir orada oxudan?"

Zeynəb Əliyeva qəbul imtahanında yüksək bal toplayan abituriyentlərdən biridir.

Zeynəb deyir ki, hüququ seçməyinin əsas səbəbi atasının ixtisasını davam etdirmək, ona bənzəmək istəyidir.

"Əslində sənədlərimi Polis Akademiyasına verməyi düşünürdüm, amma ailəm buna o qədər də razı olmadı".

Onun hüququ seçməsinin səbəbi isə, öz təbirincə, bu peşənin prestijli olmasına görə deyil.

"İnsanların "sən qız uşağısan, müəllimliyə ver. Müəllimlik qızlar üçün ən uyğun ixtisasdır. Hüquqda səni kimdir oxudan?" kimi fikirlərinin yanlış olduğunu sübut etmək üçün bu ixtisası istəyirəm. Onların, əslində səhv düşündüklərini göstərməliyəm", - Zeynəb Əliyeva bildirib.

Valideynlərin "övlad qayğısı"

1-ci qrup üzrə 637 bal toplayan Murad Təhməzov xaricin ölkələrdən birində kompüter elmləri ixtisasına yiyələnmək istəyir.

"Əgər hüququ seçsəydim, bunun əsas səbəbi insan haqlarına, hüququn üstünlüyünə olan sarsılmaz inamım və bağlılığım olardı. Bu məsələlər üzrə isə ölkəmiz hələ çox yol qət etməlidir",- o bildirib.

17 yaşlı Murad deyir ki, hüquqa və ya tibbə üstünlük verilməsinin əsas səbəbləri, həmin peşələrin insanlar arasında müəyyən prestijə sahib olması və maddiyyatdır.

O bu məsələdə valideynləri ittiham edir.