Sorğu: Məişət zorakılığına məruz qalan hər 4 qadından biri qeyrirəsmi nikahdadır


Digərləri 22 İyl 2019 15:50:00 272 0

Sorğu: Məişət zorakılığına məruz qalan hər 4 qadından biri qeyrirəsmi nikahdadır

Azərbaycanda aparılmış sosioloji sorğunun nəticəsinə görə, məişət zorakılığına məruz qalan qadınların demək olar ki, hər dörddən biri qeyri-rəsmi nikahda olanlardır.

Son.az bildirir ki, bunu Trend-ə məişət zorakılığına məruz qalmış qadınlarla bağlı sosioloji sorğu keçirən şəxslərdən biri - müstəqil ekspert İsmayıl Kərimov deyib.

Ekspertin sözlərinə görə, aparılan sorğunun nəticələrindən belə məlum olur ki, zorakılığa məruz qalanlar arasında ən yüksək depressiya həddi boşanmışlar, daha sonra isə qeyri-rəsmi nikahda olanlarda, ən yüngül depressiya isə rəsmi nikahda olan və dul qadınlarda müşahidə edilib.

İ.Kərimov əlavə edib ki, məişət zorakılığına məruz qalmış qadınların nikaha daxil olma üzrə ortalama yaşı ölkə üzrə göstəricidən ən azı 4 yaş kiçikdir. Bu qrupda erkən nikah hallarına daha çox rast gəlmək mümkündür. Məişət zorakılığına məruz qalmış qadınların ailələrində gəlir səviyyəsi də çox aşağıdır. Belə ki, ailədə fərd başına düşən gəlir ölkə göstəricisindən 40% aşağı olub: "Məlum olub ki, məişət zorakılığından şikayət edən qadınların 71,7%-də depressiya orta ağır və ya ağır dərəcədədir. Sığınacaqda qalanlar daha az depressivdirlər. Hesab edirik ki, bunun səbəbi sığınacaqda qalanların sosial-psixoloji reabilitasiya keçməsidir. Bu reabilitasiya onların depressiv vəziyyətini yaxşılaşdırır və belə nəticəyə gəlmək mümkündür ki, sığınacaq mərkəzlərində qadınların reabilitasiyası üçün zəruri addımlar atırlar".

Ekspert vurğulayıb ki, ən ağır depressiya ibtidai təhsillilərdə, ən azı isə bakalavr təhsili olanlarda görünsə də, bu iki təhsil səviyyəsi arasında ardıcıl artma (azalma) mövcud deyil. Lakin ər və arvad arasındakı təhsil fərqi zorakılığı və depressiyanı artırır:

"Məşğulluq qrupları arasında da ciddi fərq mövcud deyil. Qadınlarda işləyən qrupda depressiya şkalası aşağı olsa da, bu fərq statistik mənada ciddi fərq hesab edilmir. Yəni qadınların işləyib-işləməməsi onların depressiyasında ciddi fərq yaratmır. Ailələrə maddi dəstəyin təhlilinə gəldikdə isə bunu müşahidə edirik ki, maddi dəstək depressiya vəziyyətinin azalmasına xidmət etmir. Təhlilərdən görünür ki, maddi dəstək almayan ailələrdə qadınlar daha az depressivdirlər. Maddi dəstəyi daha çox gəlir səviyyəsi aşağı olan ailələr alır. Belə nəticəyə gəlmək mümkündür ki, maddi dəstək ailələrin iqtisadi vəziyyətinə kömək etsə də, qadınların depressiv vəziyyətinin yüngülləşməsinə heç bir təsir etmir. Qadınların həyat yoldaşlarının yaxınları ilə birgə qalması və ya həyat yoldaşı ilə ayrı evdə yaşaması da depressiya vəziyyətinə ciddi təsir etmir. Hərçənd ki, qadınların həyat yoldaşlarının yaxın qohumları ilə birgə yaşayışı onların depressiyasını nisbətən artırsa da, bu fərq statistik mənada əhəmiyyətli hesab edilmir".

Mütəxəssis deyib ki, həyat yoldaşlarının övladlarına qarşı zorakılığı da qadınların depressiyasını ağırlaşdırır. Ər və arvad arasındakı yaş fərqi də depressiyaya 4,3% təsir edir.