"Təbiətin keşiyində" eko-skaut düşərgəsi keçirilib (FOTO)


Digərləri 22 İyl 2019 14:11:00 225 0

"Təbiətin keşiyində" eko-skaut düşərgəsi keçirilib (FOTO)

Şahdağ Milli Parkında "Təbiətin keşiyində" adlı növbəti eko-skaut düşərgəsi təşkil edilib.

Bakı. 17-19 iyul tarixlərində IDEA İctimai Birliyi, Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şahdağ Milli Parkında "Təbiətin keşiyində" adlı növbəti eko-skaut düşərgəsi təşkil edilib. İctimai Birlikdən Trend-ə bildirilib ki, IDEA-nın eko-skaut proqramı çərçivəsində təşkil edilən düşərgələrin məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, nəsli kəsilmək üzrə olan flora və fauna barədə məlumatlandırmaq, təbiəti qorumaq, onlara təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən istirahəti təşviq etməkdir. Düşərgəyə 18-25 yaş arası ekoloji təhsili və ya bu sahədə təcrübəsi olan, həmçinin ekoloji fəallığı ilə seçilən 100 nəfər gənc qoşulub. Könüllü olaraq qoşulmuş gənclərin iştirakı ilə Şahdağ Milli Parkının ərazisində eko-tur təşkil edilib. Gənclərə Şahdağ Milli Parkının yaradılmasında əsas məqsəd, əraziyə xas olan landşaft növləri, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş flora və fauna haqqında, həmçinin Fransa və Belçika zooparklarından Azərbaycana reintoduksiya edilmiş Qafqaz zubrları haqqında məlumat verilmişdir. Gənclər üçün üç günlük düşərgə müddətində Azərbaycanın biomüxtəlifliyi və milli parkları mövzusunda təlim, o cümlədən təbiətdə olarkən çadırların qurulması, ilkin tibbi yardım, çölçülük üçün lazımi ləvazimatlar və təhlükəsiz geyimlər haqda seminar və praktiki təlimlər, yarışlar və müsabiqələr keçirilib, həmçinin gənclər haykinq, maraqlı ekoloji mövzularda fikir mübadilələri, ətraf mühitlə bağlı oyunlarda iştirak ediblər.