Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər FOTO


Digərləri 22 İyl 2019 11:22:00 243 0

Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər  FOTO

22 iyul - Milli Mətbuat Günü münasibətilə bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, həmçinin nüfuzlu media qurumlarının rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Son.az Trend-ə istinadən xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra "Əkinçi" qəzetinin təsisçisi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.

Həsən bəy Zərdabinin məzarı önündə çıxış edən Mətbuat Şurasının (MŞ) sədri Ə.Amaşov bildirib ki, H.Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin ilk sayı 144 il bundan əvvəl işıq üzü görüb: "Onun saldığı işıq xalqımıza düzgün yol göstərdi. "Əkinçi" qəzeti Azərbaycan xalqının milli şüurunun oyanmasında, milli məfkurəsinin formalaşmasında önəmli rol oynayıb. "Əkinçi" və ondan sonra işıq üzü görən mətbuat vasitələrimiz Azərbaycan xalqının müstəqil yaşama ideyasını bir daha xalqa çatdırdı".

MŞ sədri vurğulayıb ki, hər bir xalqın inkişafında onun milli mətbuatının rolu böyükdür: "Əgər bir xalq vaxtında öz mətbuatını yaradıbsa, o xalq artıq başqa xalqlar arasında öz yerini tuta bilir".

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan mediası müstəqil, peşəkar mediadır: "Regionda iqtisadi baxımdan ən güclü medialardan biri olan Azərbaycan mediası ölkədə baş verən olayları operativ, obyektiv şəkildə həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır".

Ə.Amaşov deyib ki, bu gün Azərbaycan mediası eyni zamanda milli mediadır, cəmiyyətdə baş verən hadisələri hərtərəfli işıqlandırmağı bacarır: "Azərbaycan mediası hadisələrə vahid mövqedən baxan mediadır. Mediamız ən aktiv demokratik institutlardan biridir".

O əlavə edib ki, Azərbaycan mətbuatının inkişafında Azərbaycan dövlətinin dəstəyi də böyük rol oynayıb: "Bu gün Azərbaycan dövləti də medianın arxasında dayanır. Jurnalistika həmişə Azərbaycan rəhbərliyinin dəstəyini görür. Mətbuat da Azərbaycanın inkişafı üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir".