Söyüş söymək – mənəviyyata ziyan, sağlamlığa faydalı…


Digərləri 21 İyl 2019 22:10:00 255 0

Söyüş söymək – mənəviyyata ziyan, sağlamlığa faydalı…

Ukraynanın səhiyyə naziri Ulyana Suprun hesab edir ki, müəyyən hallarda söyüşdən istifadə etmək söyən adamın sağlamlığına müsbət təsir göstərə bilər. BBC xəbər verir ki, bu sözləri deputat Olha Bohomoletsin təklif etdiyi yeni qanun layihəsini şərh edərkən deyib. Həmin qanun layihəsinin məqsədi ictimai xadimlərin media vasitələrində söyüşdən istifadə etməyin qarşısını almaqdır. Təklif olunan qanun layihəsində televiziya vasitəsilə və ya ictimaiyyət qarşısında çıxışlar zamanı söyüş işlədilməsinə görə 1275 Ukrayna qrivni məbləğində ($49) cərimə nəzərdə tutulur.

Son.az gencaile.az-a istinadən bildirir ki, lakin doktor Suprun hesab edir ki, ekstremal vəziyyətlərdə "söyüşdən istifadə etmək insanların bir-birinə yaxın olduğundan və onların arasında yaxşı emosional əlaqələrin qurulmasından xəbər verir".

O əlavə edib ki, insanlar ədəbsiz sözlərin işlədilməməsindən daha çox aqressiv hisslərə qapılmamaq barədə düşünməlidirlər. Səhiyyə nazirinin facebook səhifəsindəki postuna 21000-dən çox reaksiya bildirilib. Ən populyar şərhlərdən biri 2700-dən çox izləyici tərəfindən bəyənilib. Bir çox digər istifadəçilər isə söyüş söymək üçün müəyyən yerlərin ayrılmasını təklif ediblər.

Jurnalist Yevhen Mucıri isə ofislərdə, restoranlarda və digər ictimai yerlərdə "söyüş otaqlarının qurulmasını" təklif edib.

Qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə söyüş söyməyin sağlamlığa müsbət təsir göstərdiyi barədə iddialar olub. Halbuki dünyanın hər bir yerində insanlara söyüş söyməyin ictimai baxımdan yolverilməz olduğu aşılanıb.

Ötən il Britaniyanın Brayton Psixoloji Cəmiyyətinin həkimləri söyüş söyməyin adamı daha da güclü etdiyi barədə iddialar səsləndirmişdilər. Onların fikrincə, idmançılar yarış öncəsi əzələlərini söyüşlə "dolduranda" daha da güclü olurlar.

İngiltərənin Keele Universitetindən Riçard Stivens da eyni fikirlə çıxış edib. O deyib ki, söyüş söymək sağlamlığa xeyirdir. Yəni söyüş söyməyin ruh sağlığına qatdığı müsbət təsir elmi cəhətdən təsdiqlənib.

R.Stivens onu da iddia edir ki, söyüş söymək təcavüzkar davranışları daha da artırır. Bu cür davranışlarsa insanı olduğundan daha güclü göstərir.

Ekspertlər həmçinin bildirir ki, söyüş söymək sayəsində şiddətə müraciət etmədən hirsi soyutmaq mümkündür. Əslində bayıra çıxmaq istəyən o şiddəti nisbətən daha zərərsiz bir kanala yönləndirir və neqativ hisslər sözlə çıxarılır.

Daha bir iddiaya görə, söyüş söymək həm də qan dövranını artırır, endofrin və serotoninin səviyyələrini yüksəldir, insanın sakitləşdirilməsi, duruma hakim olmasına yardım etməsi və özünü daha yaxşı hiss etdirməsinə səbəb olur.

Sidney Universitetində isə  Monika Bednarek Amerikada hit olan bir çox filmin niyə bu qədər izləndiyini araşdırıb. Monika Bednareke görə bunun səbəbi, insanların həmin filmlərdə özlərindən daha artıq şey tapması idi. Həmin filmlərin hər bölümündə ortalama 100 dəfə söyüş söyülür.

Lakin psixoloqlar bildirir ki, söyüş söymək bir xasiyyət olaraq əsla xarakterə yerləşməməlidir. Çünki bu halda şəxsin ətrafı hər zaman neqativ vəziyyətlə əhatələnir.