Xaricdə təhsil alaq, yoxsa ölkədə təhsilin səviyyəsini qaldıraq?


Digərləri 21 İyl 2019 20:45:00 222 0

Xaricdə təhsil alaq, yoxsa ölkədə təhsilin səviyyəsini qaldıraq?

"Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı iki dəfədən çox azalıb". Kütləvi İnformasiya Vasitələrində (KİV) yer alan bu məlumat rəqəmlərlə təsdiqlənir. Azərbaycanlı gənclərin təhsil almaq üçün üz tutduqları bütün ölkələr və ali məktəblər üzrə saylarında azalmanın müşahidə olunması təbii ki, çoxsaylı suallar doğurur.

Son.az gencaile.az-a istinadən bildirir ki, Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı var. Həmin sənədə uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulub.

Dövlət Proqramı çərçivəsində bu günə qədər (2007-2015-ci illər) xaricdə təhsil alan 3 395 nəfər tələbənin 1000 nəfərdən çoxu artıq məzun olub. Məzunların ixtisas sahələri sırasında iqtisadiyyat, tibb, yüksək texnologiyalar, mühəndislik ixtisasları üstünlük təşkil edir. 8 il ərzində bu proqrama 135,4 milyon manat xərclənib.

Proqramın dayandırılmasının səbəbi Təhsil Nazirliyinin keçmiş rəhbərliyi tərəfindən diqqətin yerli ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialının möhkəmləndirilməsinə yönəldilməsi ilə izah edildi. Yəni format dəyişikliyi ölkə daxilində təhsilin keyfiyyətini artırmağı prioritetə çevirmək və dünyanın aparıcı ali təhsil ocaqlarından professor-müəllim heyətinin Azərbaycana dəvət edilməsinə də yol açır.

Digər tərəfdən, xaricdə təhsillə bağlı hazırlanan yeni layihə yalnız magistr və doktorantların bu proqram üzrə xaricdə təhsil almaq hüququna malik olacaqlarına imkan yaradır.

Əlbəttə, mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir. Bütün bunlar dövlət qurumlarının işinin təkmilləşdirilməsi, iqtisadiyyatın yüksək səviyyəyə qaldırılması, ölkənin elm və təhsil potensialının zənginləşdirilməsi naminə dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında mütəxəssis hazırlanması zərurətini meydana gətirir.

Xaricdə dövlət hesabına təhsillə bağlı səslənən fikirlər isə - "Dövlət büdcəsinin boş yerə xərclənməsi" və ya "Dövlət xətti ilə oxumağa gedənlərin geri qayıtmaması" fikirləri ilə "Müxtəlif sahələrdə yüksək ixtisaslı mütəxəssislərə ehtiyac" - fikirləri arasında haçalanır. Bu amil isə xaricdə dövlət xətti ilə təhsil alanların azalma səbəbini xarakterizə edir.

Azalma təbiidir

Mövzu ilə bağlı suallarımızı cavablandıran Təhsil Nazirliyinin  müvafiq qurumu bildirir ki, 2015-ci ildən etibarən Dövlət Proqramının icra müddəti başa çatdığından və həmin proqrama sonuncu sənəd qəbulu aparıldığından, bu proqram çərçivəsində təhsilalanların sayının həmin ildən başlayaraq azalması təbiidir. Belə ki,  Azərbaycan Respublikası vətəndaşlarının xaricdə dövlət hesabına təhsili Təhsil Nazirliyi tərəfindən iki istiqamətdə idarə olunur: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"  (DP) və Hökumətlərarası Təqaüd Proqramları (HTP). Bu günə qədər yuxarıda sadalanan istiqamətlər üzrə ölkə vətəndaşlarının mütləq əksəriyyəti xaricdə təhsilini DP çərçivəsində həyata keçirirdi. Belə ki, DP çərçivəsində təhsil üçün ayrılmış təqaüd yerlərinin sayı 3558 olub. 2015-ci ildən etibarən Dövlət Proqramının icra müddəti başa çatıb və həmin proqrama sonuncu sənəd qəbulu aparılıb: "Təbii olaraq, bu proqram çərçivəsində təhsilalanların sayı həmin ildən başlayaraq azalır". TN-nin verdiyi məlumata görə, HTP çərçivəsində ölkə vətəndaşlarının xaricdə təhsili digər ölkələrin (Macarıstan, Çin Xalq Respublikası, Latviya, Rumıniya, Qazaxıstan və s.) Azərbaycan vətəndaşları üçün və ya qarşılıqlı olaraq, ayrılan təqaüd yerləri üzrə həyata keçirilir: "Hər tədris ilində bu xətlə  təhsil üçün Təhsil Nazirliyi müsabiqə həyata keçirir. Yuxarıda sadalanan istiqamətlər üzrə xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı DP-nin icra dövrü ilə müqayisədə azdır". Hazırda hər iki istiqamət üzrə ümumilikdə xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 800 (DP - 300-ə yaxın, HTP - 500-dən artıq) nəfərdir.

HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazananların ən çox təhsil aldıqları ölkələr isə Macarıstan, Çin və Rumıniyadır. Bununla yanaşı, müxtəlif ölkələr tərəfindən Azərbaycan vətəndaşlarına ayrı-ayrı təqaüd proqramları (qeyri dövlət xətti) barədə elanlar verilir. Təhsil Nazirliyi tərəfindən həmin təqaüdlər barədə elanlar mütəmadi olaraq nazirliyin internet səhifəsində yerləşdirilir. TN-nin məlumatına görə, qeyri-dövlət xətti ilə xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının qeydiyyatı isə Təhsil Nazirliyində aparılmır və bu şəxslərin xaricdə təhsil prosesinin tənzimlənməsi qurumun səlahiyyətləri xaricindədir.