Qayınananın SON ARZUSU


Kriminal 21 İyl 2019 17:28:00 277 0

Qayınananın SON ARZUSU

1999-cu ildi, səhnəmizin qayınanası, həmkarlarının anası hesab olunan 83 yaşlı Nəsibə xanım Zeynalova ağır xəstə idi.  Əslində vəziyyəti xəstəliyin ağır vaxtlarında nisbətdə  bir az düzəlmişdi, amma bu da xoş gələcək vəd etmirdi. Bir il öncə dili tutulmuşdu, ayaqları sözünə baxmırdı. 1999-cu ildə isə yenicə ayaq açan uşaq kimi addım atır, bir-iki kəlmə danışıb, sonra xeyli susurdu. 

Bizim gəlişimizə görə nəvəsi Nəsibə onu yatağından qaldırıb geyindirdi. Nəsibə xanım həvəssiz halda qollarını qaldırıb qiyafəsini əyninə keçirəndə nəvəsi ilə balaca bir dialoqları oldu.  - Qızım, bayaq Moskva televiziyasında dedilər kir, göydən hansısa planet qopub yerə yaxınlaşır, 2000-ci ilə qədər hara düşə düşə.   - Düşsün də...  - Axı, mən sizdən narahat gedirəm. Mən getdim, bəs, planet sizin başınıza düşsün?  - Düşməz, bir əlac taparlar.  Nənə nəvənin arxayın cavabından bir az rahatlaşdı. Bu kiçik dialoq bir nənənin öz gələcək nəslindən, nəvə-nəticəsindən xırda narahatlığını əks etdirir, amma burda həm də xarakter var. Nənədən başqa, həm də bir insanın, şəxsiyyətin portreti...  Bu insan ona verilən qısa zaman çərçivəsində nələr yaşamadı, yetimlik, aclıq, kasıbçılıq, sevinc, sevgi, göz yaşı, uğur. Bu qədər müxtəlif, paradoks təşkil edən hissləri yaşamaq hər kəsin qisməti olmur.

Atasının 60 yaşı olanda doğulmuşdu 

Cahangir Zeynalov dövrünün çox tanınmış, məşhur sənətkarı olub. Adı Azərbaycanın teatr tarixinə yazılıb. 50-ni artıq arxada qoymuş sənətkara bir gün sənət yoldaşları irad tuturlar ki, sənin var-dövlətinə sahib çıxmaq, adını yaşatmaq, nəslini davam etdirmək üçün bir övladın yoxdur.  

Cahangir Zeynalovun yeganə övladı Nəsibə dünyaya gələndə isə onun yaşı 60-ı keçmişdi. Əslən Cənub Azərbaycandan olan Cahangir Zeynalov düşünür ki, gərək ailəsini aparıb ata-baba yurdunu onlara göstərsin. Gedirlər, bir müddət orda qonaq da qalırlar. Taleyin gərdişindən bu səfər İranda başlanan iğtişaşlarla eyni vaxta təsadüf edir.   

Tifdən ölüm

Qayıdanda yolda gəmini saxlayırlar, arvad-uşağa rəhm edən sərhəd gözətçiləri onları buraxır, amma kişilər o cümlədən həmin gəmidə olan Cahangir Zeynalovun ailəsi 8 gün açıq dənizdəki gəmidə gecələməli olur. Bakıya tif xəstəliyi ilə qayıdan sənətkar çox keçmir ki, dünyasını dəyişir. Onda Nəsibə yeniyetmə yaşlarına qədəm basmışdı.  

İlk işi fəhləlik olub

Danışırdı ki, o vaxtdan onun ağır həyat tərzi başlayır: "Atam rəhmətə getdi, anam da savadsız qadın idi, bir müddətdən sonra evdə hər şeyi satıb qurtardıq, qaldıq ac-susuz". 

Nəsibə gəzib-dolaşıb zavodlardan birində fəhləliyə düzəlir. Tezliklə anasını da itirən qızın həyat üzünə bir də Şəmsi Bədəlbəyli ilə rastlaşdığı gün gülməyə başlayır. Onun istedadını zavodun özfəaliyyət dərnəyinin çıxışında görən Şəmsi Bədəlbəyli Nəsibəni Musiqili Komediya Teatrına işə götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir. Sənətə addım atdığı ilk günlər də onun üçün ağrılı-acılı olur. Texnikumu bitirəndə 1941-ci il idi, bunu demək kifayətdir ki, səhnəyə yenicə atılmış bir qızın əzablı sənət yolu gözlərimiz önündə canlansın. 

Amma bir gün bu əzabların sonu çatır.  Musiqili Komediya Teatrının çox uzun bir tarixi Nəsibə Zeynalovanın adı ilə bağlıdır. İndi həmin tarixi vərəqləyirik. Rəxşəndə "Qızılaxtaranlar", Afərin "Rəisin arvadı", Kəblə Fatma "Hacı Kərimin aya səyahəti", Həmşəxanım, Xeyransa "Həmşəxanım", "Sevindik qız axtarır", Qızbacı "Hicran". Sonuncu sonrakı illərin məhsuludur. Həm də çox uğurlu məhsulu.   Kinoda da Nəsibə xanım bir-birindən maraqlı obrazlar yaradıb. "Ögey ana", "Böyük dayaq, "Qanun naminə", "Bizim Cəbiş müəllim" filmlərində yaratdığı obrazların hər biri filmlərin adlarını çəkən zaman tamaşaçının gözləri önündə canlanır. Özünəməxsusluğu, yumoru, təbiiliyi ilə. Yaradıcılığı boyu isə onun qayınana obrazı izləyir, istər kinoda, istərsə də teatrda...  

Həyat yoldaşı cəbhədə həlak oldı, yenidən evləndi 

İlk həyat yoldaşının müharibədə həlak olması Nəsibə xanımın onsuz da əvvəldən cüzi işıq ucları görünən qaranlıq həyat yollarını zülmətə qərq etmişdi. Sonradan, bəlkə də şəxsi həyatını tamam arxa plana keçirib özünü yalnız sənətinə bağlayan aktrisanın yoluna bir insan çıxdı.