Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu...


Digərləri 21 İyl 2019 12:28:00 200 0

Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu...

Əsl adı Ələsgərmiş, amma Fərəc deyərmişlər. Tanımazsız, qoruq-qaytaqlar başına elə oyun açmayıb ki! Məşhur Nağıyevlər nəslindəndi. Lap dəqiqi, Ağa Musa Nağıyevin qardaşı oğludu...

Fərəc - kədərdən sonrakı sevinc

1902-ci ildə Ağa Musanın oğlu İsmayıl (Bu həmin İsmayıldı ki, atası onun xatirəsinə 1907-1908-ci illərdə  xeyriyyə məqsədiylə böyük bir bina tikdirir. Həmin bina "İsmailiyyə" adlanır. İndiki Elmlər Akademiyasının Rəyasət Heyətinin binası) dünyasını dəyişir. Düz bir ildən sonra bu ocaqda bir oğlan uşağı doğulur. O vaxt Ağa Musa Nağıyev xaricdə səfərdəymiş, ona görə də uşağın doğulduğundan çox gec xəbər tutur. Qayıdıb gələndə görür ki, qardaşının evində bir körpə var. Adını da Ələsgər qoyublar. Sevinir, amma deyir ki, nahaq məni gözləməmisiz, adını Fərəc qoyardım. Fərəc -  kədərdən sonra gələn sevinc deməkdi. Allah onu İsmayılın əvəzinə göndərib... Beləcə doğma övladlarını itirən Ağa Musa Nağıyev qardaşı oğlunu özünə varis edir...

Elə o vaxtdan da balaca Ələsgər dönüb olur Fərəc.

Dilarə Nağıyeva (qızı):

- Ağa Musa atamı çox istəyirdi. Biz balacaydıq, xarici bankdan atamın adına Ağa Musanın əmanətdəki pulunun vərəsəlik sənədi gəlmişdi. Səhəri gün atamı NKVD-yə çağırdılar. Özü danışırdı: deyirdi, bütün gecəni yatmadım, səhəri dirigözlü açdım. Üstümə üç yorğan atmışdılar, yenə də tir-tir əsirdim. Durub gedəndə evdəkilərlə vidalaşdım ki, bilmək olmaz, bəlkə, heç geri qayıtmadım. Deyirdi, NKVD-nin dəhlizindən  keçəndə elə bil divarlar məni sıxırdı. İnanmırdım ki, bu divarlar məni evə qayıtmağa qoyacaq. Bilirdim ki, bu pulun axırda bir xatası olacaq.

Atam NKVD-də yaxın qohumumuza rast gəlir. Həmin adam sakitcə yaxınlaşıb deyir ki, pulu başından elə, yoxsa pis olacaq.  Atam da gedib sənədə qol çəkir ki, ona bu pulun bir qəpiyi də lazım deyil, hamısını yetimxanalara verir. Amma o vaxt özümüzın pula ehtiyacı vardı. Nəyimiz vardısa, hamısını talayıb aparmışdılar.

"Soyadımız başımıza bəla olmuşdu"

Sənətə gələndə cavanmış: cəmi 17-18 yaşı varmış. "Tənqid-təbliğ" Teatrından başlayır. Hələ qismətinə epizodik rollar düşür...

Sonrasa Bakı Xalq Teatrında işləyir. Düz 1928-ci ilə kimi. Bir il sonrasa...

- Həmin ildən atamın səyyar həyatı başladı. Bakıda işləməyə imkan vermirdilər. Bir rayonda yerini rahatlayan kimi ordan  çıxarıb başqa yerə göndərirdilər. Salyana, Sabirabada, Şəkiyə, Dərbəndə, Aşqabada... Hərəmiz bir tərəfdə doğulmuşuq. Soyadımız başımıza bəla olmuşdu. Bir yandan da qaçaqlar. Anam danışırdı ki, tez-tez üstümüzü qaçaqlar alırdı. Deyirdilər,  Murovdağdan gəliblər. Bir dəfə qaçaqlar evimizi mühasirəyə alır.  O vaxt anam qucağı uşaqlıymış. Uşağı da, anamı da balışların altında gizlədiblər ki, qaçaqların əlinə keçməsin.

 Aktyor, rəssam, rejissor...

Fərəc 1932-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Üç sənətin sirlərini öyrənir: aktyorluq, rəssamlıq, rejissorluq.