Uşaqlarda gecələr sidik qaçırma psixoloji problemdir? –


Digərləri 20 İyl 2019 22:20:00 265 0

Uşaqlarda gecələr sidik qaçırma psixoloji problemdir? –

Uşaqlarda gecələr olan enurez, yəni sidik qaçırma tez-tez rast gəlinən hallardan biridir. Bəzən valideynlərin əhəmiyyət vermədiyi bu hal ciddi problemlərdən də xəbər verə bilər. Bəzən isə sidik qaçırmanın psixoloji problemlərlə bağlı olduğu düşünülür. Məsələn, hesab olunur ki, uşaq qorxanda gecələr sidik qaçırmaq halları baş verir.

Son.az e-tibb.az-a istinadən uşaqlarda sidik qaçırma ilə bağlı psixiatr, uzman həkim Əmrah Abdullayevin fikirlərini təqdim edir.

Psixiatr bildirib ki, gecə enurezi (altını islatma) beş yaşdan böyük fərdlərdə ən azı 3 ay davam edən, həftədə minimum iki dəfə yatağı islatma halıdır: "Bu, uşaqlıqdan başlayaraq, heç fasilə olmadan davam edən birincili tip və ya hansısa bir zorlayıcı həyat hadisəsindən sonra ortaya çıxa bilən ikincili tip şəklində özünü göstərir. Yeddi yaşındakı uşaq populyasiyasında 10% sıxlıqla görülməkdədir. İlkin mərhələdə enurezə səbəb ola biləcək üzvi səbəblər araşdırılmalıdır. Üzvi səbəblərə şəkərli və şəkərsiz diabet, neyrogenik sidik kisəsi, yuxu pozuntuları və yuxu apnoesi, epilepsiya, genital sistemin anomaliyaları, sidik-cinsiyyət sistemi infeksiyaları və bəzi dərmanların yan təsirləri misal göstərilə bilər. Yuxu apnoesi önəmli səbəblərdəndir, aparılan araşdırmalar nəfəs yolları obstruksiyalarının cərrahi yolla aradan qaldırılmasının bu pasientlərin əksəriyyətində gecə enurezi simptomlarını aradan qaldırıldığını göstərir".

Qeyd olunub ki, funksional enurez səbəbləri kimi çətin həyat şərtləri, ailə içi münasibət problemləri, boşanma, ailədə yeni uşaqların doğulması kimi faktorları misal çəkmək olar. Genetik meyllilik də bu işdə rol oynaya bilər, belə ki, bir valideynin keçmişində enurez olubsa, uşaqda enurez olma riski 40 faiz, hər iki valideyndən eyni hal baş veribsə, bu risk 70-80 faiz olur.

Gecə enurezi diqqət əskikliyi hiperaktivlik pozğunluğu, depressiya və həyəcan pozuntusu ilə birlikdə sıx görülən problemdir. Spontan düzəlmə halları çoxdur, heç bir müalicə almayan enurezisli uşaqlarda hər il düzəlmə faizi 13 faizdir.