Bakıda atasının təhqirlərinə dözməyən


Digərləri 20 İyl 2019 20:59:00 192 0

Bakıda atasının təhqirlərinə dözməyən

Adam bıçaqlamaqda təqsirləndirilən 19 yaşlı Günel məhkəmə önündə törətdiyi cinayətə görə cavab verir. O, özgənin deyil, öz doğma atasının - 49 yaşlı İlham Hüseynovun qanını töküb. Özünün və şahidlərin dediyinə görə, əyyaş atasının onlara qarşı etdiyi zülmlərə dözməyib. Sərxoş ata tərəfindən dəfələrlə evdən qovulan gənc qız bəzən qohumlarına sığınıb, bəzən də məsciddə gecələyib. Hadisənin baş verdiyi gün isə anasının növbəti dəfə təhqir olunmasına, döyülməsinə göz yuma bilməyib və bıçağa əl atıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını bıçaqlamaqda ittiham olunan Bakı şəhər sakini, 19 yaşlı Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, hadisə bu il fevralın 20-də Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Gecə saat 1 radələrində içkili vəziyyətdə evdə dava salan, ailə üzvlərini söyüb təhqir edən İlham Hüseynov qızı tərəfindən susdurulub. Belə ki, sərxoş atanın hərəkətlərindən bezən gənc qız ona üç bıçaq zərbəsi endirib.

Törətdiyi cinayət əməlinə görə G.Hüseynovaya qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Günel Hüseynova ifadəsində ata-anası, bacısı ilə bir evdə yaşadıqlarını, atası İlham Hüseynovun spirtli içki aludəçisi olduğunu, heç yerdə işləmədiyini, sərxoş olan zaman səbəbsiz yerə mübahisə etdiyini, evdə dava-dalaş saldığını göstərib. Amma nə anası, nə də ki Günel onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etməyiblər. Evə qazanc gətirən də elə Günel olub. Ailənin yükü onun çiyinlərinə düşüb, bütün xərclərini özü qarşılayıb. Borca görə mənzilə gələn qaz xəttinin kəsilməsi isə ata-bala arasındakı münaqişəni daha da kəskinləşdirib:

"Evdə bircə mən işləyirdim, kommunal ödənişlərin pulunu çatdıra bilmirdim. Qazımızı kəsmişdilər, pulunu ödəyə bilmirdim. Atam həmin gün yenə sərxoş idi. Gecə saat 12-də anamla mübahisə etdi, küçə söyüşləri söyür, anamı tutub silkələyirdi. Özümdən asılı olmadı. Mətbəxdən götürdüyüm bıçaqla atamın kürəyinə, sinəsinə bir neçə dəfə vurdum. Neçə zərbə vurmağımı xatırlamıram. Atamı öldürmək niyyətim olmayıb. Törətdiyim əməldən peşmanam".