Rəqəmsal gələcəyin gəldiyi beş ölkə. Orda yaşamaq yaxşıdırmı?


Digərləri 20 İyl 2019 20:04:00 193 0

Rəqəmsal gələcəyin gəldiyi beş ölkə. Orda yaşamaq yaxşıdırmı?

Hansı ölkələrdəki internetin sürətinə paxıllıq etmək olar? Şirkəti onlayn qeydiyyatdan keçirmək və ya yerli mobil nömrə almaq hansı ölkədə daha tez başa gəlir?

Evdən çıxmadan və ya kafedə oturub bizneslə məşğul olmaq hansı ölkədə mümkündür?

Yerli sakinlərin diliylə sizə rəqəmsal gələcəyin artıq gəldiyi ölkələr haqqında məlumat veririk.

Kommunikasiya imkanları dünya ölkələrinin mədəniyyətinə təsir edir, onları dəyişir. Bir çox yerlərdə rəqəmsal element gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.

Yüksək sürətli internet, mobil qurğular sayəsində onlayn fəaliyyət və qeyri-nağd ödəmələr qlobal iqtisadiyyatı irəli aparır.

Bəzi ölkələr onlayn xidmətləri daim yaxşılaşdıraraq və onları hamı üçün əlçatan səviyyəyə gətirərək digərlərinə nisbətən rəqəmsal gələcəyə daha sürətlə yaxınlaşırlar.

Ekspatların qlobal "İnterNations" cəmiyyəti yeni nəsil kommunikasiyalarını tətbiq edən əsas ölkələr haqqında məlumat vermək üçün "Digital Life Abroad" ("Xaricdə rəqəmsal həyat") təşkilatının hesabatını dərc edib.

Sənəddə onlayn xidmətlərin inkişaf və keyfiyyət səviyyəsi baxımından yüksək ixtisaslı emiqrantlara iş imkanı yaradan ölkələrin 5 kateqoriya üzrə reytinq cədvəli əks olunub.

Biz bu siyahıda ilk yerləri tutmuş bəzi ölkələrin vətəndaşlarıyla söhbət etmişik. Onlar bizə bir ayağı gələcəkdə olan ölkələrdə yaşamağın üstünlüklərindən danışıblar.

Estoniya Ümumi reytinqdə birinci yer

"İnternetin əlçatanlığı" və "onlayn dövlət" xidmətlərində liderlik edən Estoniya ümumi hesabda birinci yeri tutub.

Bu ölkə SSRİ-nin tərkibindən çıxıb müstəqil olandan sonra rəqəmsal infrastruktura ciddi ölçüdə investisiya qoyur.

Hökumətin sponsorluq etdiyi "e-Estonia" proqramı seçkidə onlayn səs vermək, onlayn bankinq və onlayn səhiyyə xidmətlərindən istifadə etmək, hətta "e-residency" ( Estoniya vətəndaşlığı olmayanlara öz şirkətini yerli şirkət kimi qeydiyyatdan keçirə bilmək üçün virtual vətəndaşlıq yaradan sistem) qazanmaq imkanı yaradır.

1991-ci ildən etibarən Estoniya rəqəmsal infrastruktura, o cümlədən, onlayn səhiyyə xidmətlərinə investisiya qoyur.

Bu gün "e-Estoniya" proqramı "rəqəmsal köçəriləri" və xarici biznesmenləri öz şirkətlərini bir Avropa İttifaqı ölkəsində qeydiyyatdan keçirmək fürsətinə görə cəlb edir. Bu isə, şübhəsiz ki, Estoniya iqtisadiyyatı üçün faydalıdır.

"Burda internetə çıxış əsas insan haqlarından biri hesab olunur. Hətta Saaremaa kimi gözəl mənzərəli adalarda da internet var" - avstriyalı biznesmen, hazırda Estoniyanın paytaxtı Tallində yaşayan Alexandra Nima belə deyir.

"Rezident kimi qeydiyyatdan keçməkdən tutmuş şirkət açmağa qədər burda hər şey maksimum çox sürətlə baş verir".

Estoniyada internetin əlçatanlığı əsas insan haqlarından biri hesab olunur