Komitə: Sahibkara maneə yaradıldığına dair yayılan məlumatlar həqiqətə uyğun deyil


Digərləri 20 İyl 2019 15:18:00 181 0

Komitə: Sahibkara maneə yaradıldığına dair yayılan məlumatlar həqiqətə uyğun deyil

Bir sıra kütləvi informasiya vasitələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda sahibkara maneə yaradıldığına dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Bakı. Bir sıra kütləvi informasiya vasitələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda sahibkara maneə yaradıldığına dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yayılan xəbərlərdə Azərbaycan Respublikası vətəndaşı Sənan Nağıyevin ölkə ərazisinə gətirdiyi mobil telefonların "Qırmızı Körpü" gömrük postunda saxlanıldığı və onlardan mallara aid sənədlərdə nəzərdə tutulduğundan artıq gömrük ödənişlərinin tələb olunduğu iddia edilir. Dövlət Gömrük Komitəsi bildirir ki, Sənan Nağıyev cari ilin may ayının 22-də ölkə ərazisinə 200 ədəd müxtəlif markalı mobil telefonlar gətirib və həmin malların dəyərinin 32 100 ABŞ dolları olduğunu bəyan edib. Müvəqqəti saxlanca götürülən malların gömrük rəsmiləşdirilməsi prosesində aparılan araşdırma zamanı onların dəyərinin aşağı göstərildiyi, real dəyərin 46 080 ABŞ dolları təşkil etdiyi müəyyən edilib və bu barədə Sənan Nağıyevə məlumat verilib. Buna etiraz edən Sənan Nağıyev şikayət ərizəsi ilə Dövlət Gömrük Komitəsinə müraciət edib. Müraciətin araşdırılması prosesində Sənan Nağıyev dəfələrlə Dövlət Gömrük Komitəsinə dəvət edilsə də, o edilən müraciətə məhəl qoymayaraq Komitəyə gəlməkdən boyun qaçırıb. Cari ilin iyun ayının 18-də isə həmin şəxs könüllü olaraq gətirdiyi telefonları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirib və 28 514 manat 80 qəpik məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.