Taran ustası təyyarəçi Stalinə söz verib, amma tutmaq istəməyib


Digərləri 20 İyl 2019 15:00:00 248 0

Taran ustası təyyarəçi Stalinə söz verib, amma tutmaq istəməyib

Birbaşa öz təyyarəsi, gəmisi, yaxud da zirehli texnikası ilə zərbə vurmaqdan ibarət olan bir döyüş üsulu var, buna taran deyirlər. Təbii ki, döyüş zamanı bu üsuldan istifadə edənlər böyük riskə gedirlər, çünki ən kiçicik bir yanlışlıq ölümlə nəticələnə bilər.

Boris Kovzan dünyada yeganə təyyarəçidir ki, 1941-1945-ci illərdə müharibə zamanı 4 dəfə hədəfini məhv etmək üçün tarana gedib və sağ qalıb. Ümumilikdə onun döyüş gündəliyində 32 alman təyyarəsinin məhv edilməsi ilə bağlı qeydlər aparılıb.

Boris Kovzan 1922-ci ildə Rostovda anadan olub. Hələ orta məktəbdə oxuyarkən təyyarəçi olmağı arzulayıb. Onun bu istəyi heç də valideynlərinin ürəyincə olmayıb. Amma elə məktəb illərində Boris Kovzan qazandığı uğurlarla onların fikrini dəyişə bilib.

Belə ki, məktəbli Boris valideynlərindən xəbərsiz şəhər mərkəzində konstruktor dərnəyinə yazılıb. Bir müddət keçdikdən sonra şəhər məktəbliləri arasında ən yaxşı əl işləri müsabiqəsi elan olunub. Boris Kovzanın düzəltdiyi kiçik təyyarə modeli müsabiqədə birinci yeri qazanıb. Qalib məktəbli öz valideynlərini mükafatın təqdim olunması mərasiminə dəvət edib. Heç nədən xəbərləri olmayan valideynlər Borisin bu uğurundan qürur hissi keçiriblər və ailədə bir daha Borisin hansı peşə sahibi olacağı müzakirə mövzusuna çevrilməyib.

Son.az musavat.com-a istinadən bildirir ki, 1939-cu ildə Odessa Hərbi-aviasiya məktəbinə daxil olan Boris Kovzan müharibənin ilk günlərindən cəbhəyə yollanıb. Ayrı-ayrı hərbi birləşmələrin aviasiya hissələrində xidmət edən Boris Kovzanın adı qəhrəman təyyarəçi kimi qısa bir müddətdən sonra yuxarı dairələrdə hallanmağa başlayıb.

Ağır döyüşlərdə bir neçə dəfə yaralanan təyyarəçi 1943-cü ildə sağ gözünü itirsə də, yenidən cəbhəyə qayıdıb.

Göstərdiyi şücaət və qəhrəmanlıqlara görə o, ən ali mükafata, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Mükafatı ona şəxsən İosif Stalin təqdim edib.

Təqdimat zamanı Stalinlə Kovzanın arasında kiçik bir dialoq da olub. Stalin qəhrəmanın gələcək fəaliyyəti ilə maraqlanıb:

- Boris İvanoviç, siz bundan sonra nə işlə məşğul olmaq fikrindəsiniz, bu haqda düşünmüsünüzmü?

Boris Kovzan qətiyyətlə cavab verib:

- Yoldaş Stalin, mən cəbhəyə qayıdacam, döyüşlərimi davam etdirəcəm, qələbəyə qədər mübarizə aparacam.

- Siz artıq kifayət qədər döyüşmüsünüz. Mənə belə düşünürəm ki, siz indi akademiyada təhsil almalısınız.

- Yoldaş Stalin, akademiyada oxumağa gücüm, savadım çatmaz.

- Yox, siz mənə söz verin ki, oxuyacaqsınız.

Kovzan Stalinə söz versə də, özlüyündə qərara gəlib ki, cəbhəyə qayıdacaq.