"Quiz Mania" beynəlxalq bilik yarışması təşkil olunub
Digərləri 19 İyl 2019 22:51:00 242 0
İyulun 18-də Bakıda ilk dəfə Nepal Dövlətinin təşkilatçılığı ilə "Quiz Mania" adlı beynəlxalq bilik yarışması təşkil olunub. Yarışmanın Milli seçimlərini həyata keçirmək üçün Nepalın məşhur siması olan, 200-dən artıq filmdə rol alan Rajesh Hamal və Nepalın Akkretiv Media şirkətinin prezidenti və Quiz Mania Beynəlxalq bilik yarışmasının rəhbəri Hari Pokhrel ilk dəfə Azərbaycana gəlib. Tədbirdə eyni zamanda Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak ediblər.
Tədbirin rəsmi hissəsində beynəlxalq yarışmanın ölkə üzrə koordinatorları İlkin Əliyev və Məhbubə Musayeva qonaqlara yarışmanın hansı formatda keçiriləcəyi və mədəni hissə ilə bağlı müəyyən məlumatlar veriblər. Daha sonra Rajesh Hamal qonaqları salamlayıb və Azərbaycanın da bu beynəlxalq bilik yarışmasına qatılmasından məmnunluğunu bildirib, Bakıya ilk dəfə gələn Hamal Bakını çox sevdiyini və mütləq təkrar gələcəyini vurğulayıb. Qeyd etmək lazımdır ki, yarışma artıq 7 ildir ki, ənənəvi olaraq müxtəlif dövlətlərin iştirakı ilə həyata keçirilir.Bu il müxtəlif kontinentlərdən ibarət 30-a yaxın ölkə avqustun 12-22 aralığında Nepalın Katmandu şəhərində baş tutacaq yarışda iştirak edəcək.
Milli seçimlərin ilk turunda 9 məktəbdən 12 komanda final turuna çıxmaq üçün yazılı imtahan verib, yazılı imtahanla paralel şəkildə tədbirin mədəni hissəsi baş tutub, mədəni hissədə Azərbaycanın xalq mahnıları, muğamı, milli rəqsləri Nepaldan gələn qonaqlara nümayiş etdirilib.