“Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Qubada keçirilib (FOTO)


Digərləri 19 İyl 2019 19:25:00 378 0

“Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Qubada keçirilib (FOTO)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə“Qahirə+25” konfransına hazırlıq kampaniyası keçirilir.

Bakı. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə“Qahirə+25” konfransına hazırlıq kampaniyası keçirilir. Burada məqsəd “Qahirə+25” konfransına hazırlıq prosesində respublikamızın iqtisadi və sosial inkişafı, əhalinin problemlərinin həlli, habelə insan hüquqları sahəsində əldə etdiyi uğurlara əsaslanaraq insan hüquqları üzrə Milli Fəaliyyət Proqramı və Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla vəziyyətin daha da təkmilləşdirilməsi üzrə tövsiyələrin müzakirə olunmasıdır. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bu kampaniya çərçivəsində Ombudsman BMT-nin Əhali Fondu ilə birlikdə artıq Lənkəranda, Şəkidə və Gəncədə regional konfranslar təşkil etmişdir. Hazırda adı çəkilən kampaniya uğurla davam etdirilir və növbəti regional konfrans Qubada keçirilib. Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclisin deputatı Vahid Əhmədov, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, təhsil və səhiyyə şöbələrinin rəhbərliyi, icmaların, geniş ictimaiyyətin, ağsaqqalların, fəal qadınların, sahibkarların, gənclərin, QHT və KİV-in nümayəndələri iştirak edib. İlk olaraq, konfrans iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini yad ediblər. Sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Ombudsman konfrans iştirakçılarını salamlayıb və uğurlar arzulayıb. O, məruzə ilə çıxış edərək Ümumdünya Əhali Gününün yaranma tarixi barədə məlumat verib, 30 il bundan öncə 1989-cu ildə BMT-nin İnkişaf Proqramının İdarə Şurasının 11 iyul tarixini Ümumdünya Əhali günü kimi təsis etdiyini, ilk dəfə olaraq 1990-cı ildə qeyd edilən bu günün əsas məqsədinin dünya əhalisinin bərabərlik, sağlamlıq, yoxsulluq, insan hüquqları və digər əhəmiyyətli məsələlər üzrə məlumatlılıq səviyyələrinin artırılması, onların problemlərinə xüsusi diqqət ayırmaqla bir çox istiqamətlərdə köklü irəliləyişlərə nail olmaqdan ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Müvəkkil Ümumdünya Əhali Günü təsis edildikdən 5 il sonra, 1994-cü ildə keçirilən və bu il 25 illiyi qeyd edilən, əhali inkişafının qlobal platforması olan, habelə iştirakçısı olduğu Əhali və İnkişaf üzrə Qahirə Konfransının, həmçinin 1999-cu ildə Haaqa şəhərində keçirilmiş “Qahirə+5” konfransının məqsəd və məramları barədə geniş məlumat verib. O, bu konfransların mövzularının Azərbaycan üçün də əhəmiyyətini vurğulayaraq, eyni zamanda qəbul olunan proqramlara və qərarlara gəldikdə, yalnız xalqımızın maraqlarına uyğun olanlarının təcrübədə tətbiq edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Qahirə Konfransının qarşıdakı illər üzrə müəyyən etdiyi proqramında demoqrafik problemlər, kişilərin və qadınların bərabər hüquqlarının təmin edilməsi və qadınların səlahiyyətləndirilməsi, qadınlara qarşı zorakılığın aradan qaldırılması, ailə məsələləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ana və körpə ölümü, təhsil və sağlamlıq hüquqları, yoxsulluğun aradan qaldırılması, əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların, gənclərin, ahılların hüquqları kimi problemlər önə çəkilmişdir. Bu məsələlərin hər zaman öz aktuallığını saxlaması, XXI əsr üçün müəyyən olunmuş BMT-nin Minilliyin İnkişaf Məqsədləri və 2016-2030-cu illər üçün nəzərdə tutulmuş Dayanıqlı İnkişaf Məqsədlərində də bəzilərinin öz əksini tapması Qahirə Konfransının və qərarlarının böyük əhəmiyyətini sübut edir. E.Süleymanova qeyd edib ki, ölkə Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi müəyyən edilməsi əhali problemlərinin həllinin möhkəm hüquqi bazaya söykəndiyini göstərir. Ombudsman Qahirə Konfransının vacib məsələlərindən olan əhali sakinliyi ilə bağlı Ümummilli lider Heydər Əliyevin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə MDB ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda əhali sakinliyi və demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası”nı təsdiq etdiyini bildirib. Demoqrafik vəziyyətin yaxşılaşdırılması və ölkənin demoqrafiya siyasətinin formalaşdırılması məqsədini daşıyan bu Konsepsiya 1994-cü ildə Qahirədə keçirilmiş Əhali Sakinliyi və İnkişafı üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramı, 1995-ci ildə Kopenhagendə Sosial İnkişaf Naminə Ümumdünya Sammitində və Pekində qadınların vəziyyətinə həsr edilmiş Ümumdünya Konfransında qəbul edilmiş sənədlər nəzərə alınmaqla hazırlanıb. Əhali inkişaf səviyyəsinin daha bir göstəricisi olan yoxsulluq əmsalından danışaraq, E.Süleymanova hazırda həm yoxsulluğun, həm də işsizliyin dərəcəsinin azalaraq 5 faiz olduğunu qeyd edib. Məhkəmədənkənar insan hüquqlarının müdafiəsi institutu olaraq, Ombudsmanın məqsədi bərabərlik prinsipi əsasında hər bir kəsin bütün hüquqlarını təmin etmək naminə fərdlə dövlət arasında körpü rolunu oynayaraq, nəticədə demokratik idarəetməni təkmilləşdirmək, dövlət qurumları tərəfindən insan hüquqlarının təmin olunması, qanunun aliliyinin bərqərar olunması ilə dövlətdə sabitlik və hərtərəfli dayanıqlı inkişafa dəstək verməkdir və bu məqsədlə ölkənin demək olar ki, bütün şəhər və rayonlarını əhatə etməklə sistemli, dinamik, müntəzəm iş aparılır. Bu fəaliyyətin innovativ təşəbbüslərlə əhalinin müxtəlif qruplarının - qadınların, uşaqların, ahılların, əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, miqrantların, məhkumların, hərbi qulluqçuların, milli azlıqların və digər qrupların hüquqlarının müdafiəsinə yönəldildiyi bildirilib. Yeni prioritetlərə, çağırışlara cavab olaraq Ombudsmanın təklifləri də nəzərə alınmaqla 2006-cı ildə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 2011-ci ildə isə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” ölkə Prezidenti tərəfindən təsdiq olunduğu və həmin sənədlərin icrasının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə İşçi qrupun fəaliyyətinə rəhbərlik Ombudsmana tövsiyə edilməsi və bu strateji sənədlərin insan hüquqlarının sürətlə, sistematik və ardıcıl tərzdə inkişafı üçün ölkəmizin yol xəritəsinin hazırlandığı vurğulanıb. Müvəkkil həmin sənədlərlə bağlı ictimai dinləmələrin, monitorinqlərin və məsləhətləşmələrin həyata keçirildiyini, Ombudsmana ünvanlanan təklif və rəylərin təhlil edilərək hazırlanmış 700-dək təklifinin Parlamentə və müvafiq dövlət qurumlarına təqdim edilməsi və onların 70%-ə qədərinin həyata keçirilməsi barəsində iştirakçılara məlumat verib. O habelə, yalnız Parlamentlə əməkdaşlıq nəticəsində qanunların qəbul olunması, qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 25-dən çox təklifinin qəbul olunduğnu diqqətə çatdırıb.