DİM ali məktəblərə qəbul olan abituriyentlərə müraciət etdi


Digərləri 19 İyl 2019 18:22:00 241 0

DİM ali məktəblərə qəbul olan abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul olan abituriyentlərə müraciət edib.

DİM-dən Son.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

Çox təəssüf ki, son günlər sosial şəbəkələrdə apardığımız monitorinqlər göstərir ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui istifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı çağırış edirlər. Abituriyentlərə və onların valideynlərinə tövsiyə edirik ki, diqqətli olsunlar və bu işi yalnız kommersiya məqsədi ilə görən müəyyən qrup insanların vədlərinə inanmasınlar.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I-IV ixtisas qrupları üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsaitlər də nəşr edilib. Yaxın günlərdə II və III ixtisas qrupları üzrə də müvafiq kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. "Abituriyent" jurnalının 4 saylı buraxılışında "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın xüsusi buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.