Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı


Digərləri 19 İyl 2019 07:45:00 200 0

Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Bakının mərkəzindəki bəzi beşulduzlu hotellər iyulun sonu-avqustun əvvəli üçün olan dövr üzrə otaq nömrələrinin satışını dayandırıb.

Bakı. İlhamə İsabalayeva – Bakının mərkəzindəki bəzi beşulduzlu hotellər iyulun sonu-avqustun əvvəli üçün olan dövr üzrə otaq nömrələrinin satışını dayandırıb. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, ümumilikdə yay ayları turizm mövsümü hesab olunur. İyulun sonu-avqustun əvvəli isə turizm mövsümünün pik dövrü sayılır. Həmin dövrdə Bakıda hotellərin dolma səviyyəsi yüksək – 60-80 faiz olur: “Amma bu il turizm mövsümünün olması ilə yanaşı, iyulun sonunda XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi hotellərə olan tələbatı daha da artırıb. Oyunlar ərəfəsində Bakının mərkəzindəki hotellərdə yerlər dolub. Ümumilikdə mərkəzdəki bəzi 5 ulduzlu hotellərin iyulun sonu-avqustun əvvəli üçün otaq yerləri 100 faiz dolub, buna görə də həmin hotellər qeyd edilən dövr üçün satışı dayandırıb”. N.Bağırov əlavə edib ki, iyulun sonu-avqustun əvvəli üçün olan dövrdə Bakıdakı 3 və 4 ulduzlu hotellər də yerlərini 70-80 faiz doldurublar.