Atanın ödəmədiyi pulu dövlət ödəyəcək?


Digərləri 19 İyl 2019 07:07:00 228 0

Atanın ödəmədiyi pulu dövlət ödəyəcək?

Ombudsmanın Aliment Fondunun yaradılması ideyası dəstəklənir

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"2014-cü ildə boşandıq, cəmi 5 ay aliment ala bildim. Sonra hər nə səbəbdənsə keçmiş həyat yoldaşımı həbs edib, 7 il azadlıqdan məhrum etdilər. 5 ildir ki, aliment almıram, 2 uşaqla kirayədə qalıram. Aldığım maaş isə kirayə pulunu, uşaqların xərclərini ödəməyə kifayət etmir. Açığı, bu problemin həlli üçün nə edəcəyimi bilmirəm. Kimə müraciət etdimsə, bildirdi ki, keçmiş həyat yoldaşım həbsdə olduğu müddətdə aliment almağım mümkünsüzdür. Yalnız o, azadlığa çıxıb işlədikdən sonra aliment verə bilər". 

Bu fikirləri bizimlə söhbətində bir müddətdir ərindən boşanan Aynurə bölüşdü. Aynurə sadəcə aysberqin görünən tərəfidir. Günümüzdə onun kimi aliment problemi yaşayan xanımlar çoxdur və təəssüflər olsun ki, onların böyük əksəriyyəti problemin həllinə nail ola bilmir. Bu problemin öz həllini tapması üçün dövlət səviyyəsində də müəyyən işlər görülür. Belə ki, ölkəmizdə aliment fondunun yaradılması ilə bağlı danışıqlar gedir. Bu barədə APA-ya ombusdsman Elmira Süleymanova bildirib. O, Aliment Fondunun yaradılması haqqında Milli Məclisə müraciət etdiyini deyib. Onun sözlərinə görə, Aliment Fondunun yaradılması zəruridir: "Çünki ölkədə boşanmaların sayı kritik həddədir. Aliment Fondu Dövlət Sosial Müdafiə Fondu kimi bir fond olacaq. Boşanan insanlar məhkəmə qərarından sonra bu fonda müraciət edərək aliment pulunu ala biləcəklər. Sonra isə dövlət həmin borcludan məcburi qaydada müəyyən bir prosedurla bu vəsaiti alacaq. Ümid edirik ki, Aliment Fondunun yaradılması öz müsbət həllini tapacaq".

Bəs görəsən bu fondun yaradılması nə dərəcədə realdır? 

Hüquqşünas Sahib Məmmədov Aliment Fondunun yaradılmasını məqsədəuyğun hesab edir: "Əslində, bu məsələ çoxdan gündəmdədir və özü də aktualdır. Dünyada da bu cür fondlar fəaliyyət göstərir. Hər kəsə bəlli məsələdir ki, bir çox hallarda boşanmalardan sonra valideynlər, xüsusilə də atalar üzərlərinə düşəni yerinə yetirmirlər. Bu isə nəticə etibarı ilə tərəflər arasında problemlərin yaranmasına gətirib çıxardır. Məsələn, Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının icrası baş idarəsində bəlkə də 10 minlərlə belə mübahisəli iş var. Hansı ki icraçılar bunu həll etməkdə acizdirlər. Çünki aliment verməli olan şəxslərin bəzisi ya ölkəni tərk edib, ya da heç bir yerdə işləmir. Nəticə etibarı ilə qarşı tərəf ona kəsilən alimenti ala bilmir. Ona görə də belə bir fondun yaradılması məqsədəuyğun sayılır. Yəni, aliment ala bilməyənlərə dövlət hansısa bir yolla kömək edir. Amma sonra imkan düşən kimi reqres qaydada alimenti verməli olan şəxsin gəlirləri fonda yönəldilir". S. Məmmədov qeyd edir ki, dövlətin alimentin alınması ilə bağlı icra prosesində itirdiyi vəsaitlər fonda çəkilən xərcdən dəfələrlə çoxdur. Ona görə də dövlət birdəfəlik belə bir fond yaradıb ilkin vəsaiti qoysa, sonradan da onu geri alsa problemdə fundamental dəyişikliklər əldə olunar. Müsahibimiz bir məsələyə də aydınlıq gətirdi. Qeyd edir ki, hazırda qanunvericiliyə müvafiq olaraq alimenti verməyəni yox, məhkəmə qərarını icra etməyən şəxsi həbs edirlər: "Biri var bu adamın həqiqətən ödəmə qabiliyyəti, işi yoxdur deyə pul vermir. Biri də var məqsədli şəkildə məhkəmə qərarını icra etmir. Buna görə o, həbs edilir. Yəni, tək bu məsələdə deyil, istənilən mövzuda məhkəmə qərarını icra etməyən şəxs cinayət məsuliyyətinə cəlb olunur".