“Neftçi” “Speranta”nı darmadağın edib


Digərləri 18 İyl 2019 23:16:27 300 0

“Neftçi” “Speranta”nı darmadağın edib

İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Speranta” oyunu başa çatıb

Bakı. İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Speranta” oyunu başa çatıb. Trend xəbər verir ki, “Bakcell Arena”da keçirilən “Neftçi”-“Speranta” cavab oyununda ilk qol on səkkizinci dəqiqədə vurulub. Paytaxt təmsilçisinin heyətində Vangelis Platellas qapıçının səhvindən sonra hesabı açıb – 1:0. Qarşılaşmanın 24-cü dəqiqəsində “Neftçi” komandası ikinci topu rəqibin qapısından keçirərək hesab arasındakı fərqi artırıb. Bu dəfə “Ağ-qaralar”ın heyətində Dario Frederikoya qarşı kobud oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini Emin Mahmudov dəqiq yerinə yetirib - 2:0. Bundan dörd dəqiqə sonra qapıçımız Səlahət Ağayev rəqib futbolçunun zərbəsindən sonra topu küncə çıxarıb. Oyunda daha bir qol 40-cı dəqiqədə vurulub. Vangelis Platellas özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Bundan iki dəqiqə sonra Vangelis Platellasın gözəl ötürməsindən sonra Dario Frederiko uzaq küncü dəqiq nişan alaraq fərqlənib – 4:0. Birinci hissə elə bu hesabla bitib. İkinci hissədə də “Neftçi” komandası yenidən hesabda fərqlənib. Görüşün 67-ci dəqiqəsində Stiven-Jozef Monroz komandasının beşinci qolunu vurub. Meydana 71-ci dəqiqədə daxil olan İsmayıl Zülfüqarlı cəmi 7 dəqiqə sonra fərqlənib. İ.Zülfüqarlı komanda yoldaşı Rəhman Hacıyevin ötürməsini dəqiq yerinə yetirərək görüşdə 6-cı qolu rəqibin qapısından keçirib. Beləliklə, “Neftçi” klubu doğma meydanda Moldovanın “Speranta” komandasını 6:0 hesabı ilə darmadağın edib.