“FaceApp”: sizi “qocaldan”


Digərləri 18 İyl 2019 21:11:00 237 0

“FaceApp”: sizi “qocaldan”

Şəkilləri "qocaldan" "FaceApp" mobil proqramı bu günlərdə sosial şəbəkələrdə çox populyardır. Bu proqram istifadəçilərə yaşlananda necə olacaqlarını görmək imkan verir.

Bu, 2017-ci ildə yaradılmış proqramın yeni funksiyasıdır.

Daha əvvəl "FaceApp" istifadəçilərə rəngarəng və müxtəlif saç kəsimlərini "sınaqdan keçirmək" və ya özlərinin əks cins variantlarına baxmaq fürsəti yaradırdı.

Neyron şəbəkələr bazasında çalışan bu proqramı Rusiyanın "Wireless Lab" şirkəti hazırlayıb. Şirkətin rəhbəri Yaroslav Qonçarov əvvəllər "Yandeks"də çalışıb.

İnternetin Ukrayna seqmentindəki bəzi istifadəçilərdə şəxsi məlumatların qorunmasıyla bağlı narahatlıq yaranıb.

"FaceApp" proqramı təhlükəlidirmi? BBC-nin Ukrayna xidməti rəqəmsal təhlükəsiz haqda ekspertlərin rəyini öyrənib.

Proqram necə işləyir?

Proqramın əsasını neyroşəbəkə təşkil edir. O, gənc və yaşlı insanlara aid milyonlarla şəklə "baxaraq" onların bir-birindən nəylə fərqləndiyini müəyyənləşdirib. "İnternyus-Ukrayna" təşkilatının nəzdindəki DSS380 Rəqəmsal Təhlükəsizlik Məktəbinin eksperti Pavel Belousov BBC-nin Ukrayna xidmətinə açıqlamasında bildirib ki, proqram həmin fəqrlərə əsasən insanların şəklinə qırışlar və ağ saçlar əlavə etməyi öyrənib:

"Çox real görüntülər yaranır, populyarlığın səbəbi budur. Proqram insanları əyləndirir, qocalıqda necə görünəcəklərini bilmək fürsəti yaradır. Ona görə də milyonlarla insanı əhatə edən böyük auditoriyanı cəlb edib".

Hazırda "FaceApp" həm "AppStore"-da, həm də "Google Play"-də ən populyar proqramlardan biridir. Təkcə "GooglePlay"-də proqramı 50 milyondan çox istifadəçi yükləyib.

"FaceApp" hansı məlumatları toplayır?

Proqramı yükləyənlər "FaceApp"-ın istifadəçi sazişinin şərtlərini qəbul etmiş olurlar. Bu şərtlər sayəsində proqram təkcə sizin şəklinizi yox, sizə aid məlumatları da əldə edir.

"Rəqəmsal təhlükəsizlik laboratoriyası"nın rəhbəri İrina Çulivskaya deyir ki, "Proqrama "Facebook" profilindən daxil olanlardan profildəki açıq informasiyaya, email ünvanına, paylaşım dairəsindən asılı olmayaraq bütün şəkillərə əlçatanlıq istənir. Smartfonlara yüklənən zamansa proqram ordakı bütün şəkillərə, hətta heç vaxt paylaşılmayanlara belə giriş əldə edir".

Proqrama "Facebook"-dan daxil olanda o, sizin soaial şəbəkədəki bütün şəkillərinizə giriş əldə edir, hətta açıq paylaşım etmədiklərinizə də.

"Bundan başqa, "FaceApp"-ın məxfilik siyasətində bildirilir ki, onlar sizin hansı xidmətlərdən istifadə etməniz, proqrama hansı cihaz vasitəsilə daxil olmanız, hansı saytları oxumanız və brauzerdəki bəzi başqa informasiyalar haqda məlumat toplayacaqlar" - Çulivskaya belə deyir.

Məlumatlardan necə istifadə olunur?

Məlumatların bu şəkildə toplanmasında əlahiddə bir şey varmı?

Çulivskaya bildirir ki, "Əslində, eyni informasiyaları "Facebook" da, müxtəlif messencerlər də, hətta şəkilləri redaktə proqramları da toplayırlar".

Ekspert həmçinin qeyd edir ki, "Bu cür proqramlardan istifadə etməyin haqqını siz öz şəxsi məlumatlarınızla ödəyirsiz. Məlumatlardan istifadəçiləri araşdırmaq və onlara uyğun xidmət və reklamlar təqdim etmək üçün istifadə olunur".

"Proqram onun yükləndiyi cihazlar vasitəsilə məlumat toplayır. Və təbii ki, istifadəçini üzdən tanıyır, onun İP ünvanını və yüklədiyi digər proqlamları bilir, yəni özü üçün həmin istifadəçinin profilini formalaşdırır" - Pavel Belousov belə deyir.

Daha əvvəl bu proqram vasitəsilə müxtəlif rəngli və biçimli saç düzümlərini "yoxlamaq" olurdu

İstifadəçilərin böyük auditoriyası bu proqrama geniş həcmdə informasiya toplamağa imkan verir.