Ataoğul saxta “Lamborghini” və “Ferrari” avtomobillərini istehsal etməkdə ittiham edilir


Digərləri 18 İyl 2019 21:12:00 225 0

Ataoğul saxta “Lamborghini” və “Ferrari” avtomobillərini istehsal etməkdə ittiham edilir

Braziliyada bir kişi və onun oğlu özləri istehsal etdikləri avtomobilləri saxta loqolarla 70 min dollara satışa çıxarmaqda günahlandırılırlar.

İngiltərənin Guardian qəzetinin xəbərinə görə, Braziliyada ata və oğlu "Autos Fibra" adlandırdıqları fabrikdə "lüks avtomobil" istehsal etməyə başlayıblar. Sonra həm İnstagramda, həm də YouTube kanallarında "Autos Fibra" olaraq bu avtomobilləri reklam ediblər.

Lüks avtomobillərin dəyərindən çox aşağı qiymətə satılması həmin reklamları görən bir çox media istifadəçilərini həyəcanlandırıb və şirkətə sosial şəbəkədən çoxlu sifariş gəlib.

Amma satılmış avtomobillərdə bir müddət sonra çoxsaylı problemlər üzə çıxıb, "Lamborghini" və "Ferrari" aldıqlarını düşünənlər istehlakçı şikayətlərinin yazıldığı yerli bir internet saytına axın ediblər.

"Lamborghini" şirkəti məsələni bilən kimi Sao Paulodakı bir hüquq firmasıyla araşdırma barədə razılığa gəlib.

Firmanın vəkilləri polisə müraciət ediblər.

Polis "gizli şəkildə lüks avtomobil istehsal edən fabriki" çox asanlıqla tapıb.

Qaraja polis basqını

Bazar ertəsi "Autos Fibra"nın Santa Katarina əyalətinin 215 min əhalisi olan kiçik sahil şəhəri İtajai-dakı qarajına polislər gəlib.

Orda iki "Ferrari" və altı "Lamborghini" aşkar edilib.

Avtomobillərin bəziləri tamamlanmış vəziyyətdə, bəzilərisə istehsal prosesində olub.

Polisin həmin qarajda çəkdiyi şəkillərdə tamamlanmamış avtomobillərlə yanaşı, "Lamborghini" və "Ferrari" loqolu kapotlar və kreslolar da görünür.

Lüks idman avtomobillərinin maya dəyəri təxminən 400-800 min dollar aralığındadır.

Amma polis əməkdaşı Angelo Fragelli deyir ki, bu "fabrik"də istehsal edilən maşınlar 47-66 min dollara satılıb.

Maşınların xarici görünüşü avtomobil sektorunu yaxından izləməyən alıcılar üçün kifayət qədər inandırıcıdır. Ancaq motorları daha zəif markalardan götürülüb.

Müştərinin alıcılıq qabiliyyətinə uyğun razılaşmaya əsasən "Mitsubishi Eclipse", "Alfa Romeo" və ya "Chevrolet Omega" motorlarından istifadə edilib.

"İntellektual mülkiyyət cinayəti"nə görə araşdırma

"İntellektual mülkiyyət cinayəti" üzrə barələrində istintaq başladılan 53 yaşlı ata və onun 29 yaşlı oğlu sərbəst buraxılıblar.

Fragelli bildirib ki, "burda intellektual mülkiyyət cinayəti var, çünki bəzi markaların loqo və dizaynlarından istifadə ediblər".