ABŞ Türkiyəyə qarşı sanksiyaya start verdi:


Dünya 18 İyl 2019 20:54:00 207 0

ABŞ Türkiyəyə qarşı sanksiyaya start verdi:

Türkiyənin Rusiyadan aldığı S-400 komplekslərinin ölkəyə gətirilməsindən sonra ABŞ-ın atacağı addımlar maraqla gözlənilirdi. Bununla belə Prezident Donald Trampla administrasiyası arasında bu məsələdə fikir ayrılığının olduğu hiss olunurdu. ABŞ dünən axşam saatlarında Türkiyənin F-35 müştərək hücum təyyarəsi proqramından çıxarılması mərhələsinin başandığını elan edib.

Son.az teleqraf.com-a istinadən bildirir ki,  Prezident Trampın müdaxiləsi ilə ötən bazar və cümə günü təxirə salınan Pentaqonun S-400 toplantısı dünən axşam saat 22:00-da baş tutub.

ABŞ müdafiə nazirinin müşaviri Ellen Lord bəyan edib ki, ABŞ və digər F-35 ortaqları Türkiyənin proqramdan uzaqlaşdırılması və rəsmən çıxarılması üçün mərhələnin başladılması məsələsində eyni mövqedədir.

Qeyd edək ki, Pentaqonun məlum açıqlamasından əvvəl Ağ Ev Türkiyə mövzusunda yazılı açıqlama ilə çıxış edib.

"Təəssüflər olsun ki, Türkiyənin rus S-400 hava müdafiə komplekslərini alması qərarı F-35-lərlə bağlı mövcud olan münasibətlərimizin davam etdirilməsinə imkan tanımayıb. F-35 onun imkanlarını öyrənmək üçün istifadə ediləcək rus kəşfiyyat toplama platforması ilə bir arada ola bilməz", - Ağ Ev açıqlamasında qeyd edilib.

Mütəxəssislər isə daha çox F-35 və Türkiyə mövzusunda Pentaqonla Ağ Evdən gələn açıqlamalarda istifadə olunan təmkinli dilə diqqət çəkirlər.