GMO məhsullar insanları öldürürmü?


Digərləri 18 İyl 2019 19:34:00 312 0

GMO məhsullar insanları öldürürmü?

Bu gün dünyada qida təhlükəsizliyi ilə bağlı vahimə doğuran məqamlardan biri də genetik modifikasiya olunmuş məhsulların istehsalı, satışı və istehlakıdır. Bir çox hallarda belə qidalar əhalidə narahatlıq yaradır. Bəs, görəsən həqiqətən də narahatlığa əsas varmı?

İlk olaraq GMO məhsulların yaranmasını zəruri edən səbəblər haqda məlumat verək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, hazırda dünyada 870 milyon insan xroniki aclıqdan əziyyət çəkir. Dünya alimləri hesab edirlər ki, qarşıdakı illərdə aclıqdan əziyyət çəkən əhalinin sayında yenidən artım olacaq. Proqnozlara görə, 2050-ci ilədək dünya əhalisinin sayı 9 milyardı ötəcək və nəticədə qlobal ərzaq çatışmazlığı böhranı daha da genişlənəcək. Bu təhlükənin qarşısının alınması üçün isə alimlər əsas çıxış yolunu GMO məhsullarının istehsalında görüblər. Beləcə, alimlər tərəfindən irəli sürülən çıxış yoluna müvafiq olaraq müasir texnologiya üsullarından istifadə etməklə genetik modifikasiya olunmuş məhsulların istehsalına başlanılıb.

Müasir gen mühəndisliyi metodu ilə laboratoriya şəraitində yaradılmış genetik materialı dəyişdirilmiş canlı orqanizmlər olan GMO məhsullar digərləri ilə müqayisədə xəstəliklərə, həşəratlara davamlı olur və məhsuldarlığı ilə seçilir. Belə məhsulların ilk satışı isə 1994-cü ildən reallaşmağa başlayıb.

Maraqlıdır, bu gün dünyada neçə hektar ərazi GMO məhsullarının becərilməsinə ayrılıb?

Məlumata görə, dünyada 28 ölkənin ümumilikdə 170 milyon hektar ərazisində GMO məhsullar becərilir. GMO məhsullarının becərildiyi əkin sahələrinin ölçüsünə görə isə bu gün ABŞ dünyaya liderlik edir. Məlumata görə, ABŞ-ın 70.9 milyon hektar sahəlik ərazisi GMO məhsullarının becərilməsinə ayrılıb.

Hazırda geni dəyişdirilmiş bitkilər və digər məhsullar istehsal edən böyük dövlətlər - ABŞ, Çin, Yaponiya və digərləri arasında iqtisadi və biotəhlükəsizlik maraqlarının toqquşması zəminində münaqişələr yaranıb. ABŞ 2017-ci ildə Çinə 14 milyard dollarlıq soya məhsulu satıb. Məlumata görə, ABŞ transgen bitkilərin ixracından 73 milyard dollar gəlir əldə edir. Bu onu göstərir ki, GMO məhsulların istehsalı bəzi ölkələr üçün əsas gəlir mənbəyi olduğundan onların maraqlarına xidmət edir. Elə GMO növlərinə görə də ABŞ Yaponiya ilə birgə digər dünya ölkələrinə liderlik edir. Məlumata görə, Yaponiyada 334, ABŞ-da isə 203 GMO növü mövcuddur.

Bəs bu cür məhsullar insan səhhəti üçün zərərlidir, yoxsa zərərsiz?

Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verən ölkələrdə sağlamlığa yönəlmiş əks təsir aşkarlanmayıb. Avropa Komissiyasının məlumatına görə isə, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində aparılan 150 belə araşdırma zamanı GMO-nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmayıb.

Geni dəyişdirilmiş məhsulların da siyahısı açıqlanıb. Bu siyahıda biz kartof, pomidor, balqabaq, şəkər çuğunduru, şəkər qamışı, şirin bibər, tütün, yumşaq buğda, lobya, qarğıdalı, yemiş, alma, gavalı, düyü, qızılgül, qərənfil, soya, pambıq və kətanın da adını görə bilərik.