Ozobiç: "Hər şey yaxşı olacaq"


İdman 18 İyl 2019 13:52:00 233 0

Ozobiç: "Hər şey yaxşı olacaq"

Qarabağ-ın yarımmüdafiəçisi Filip Ozobiç  Çempionlar Liqasının I təsnifat mərhələsində Partizani ilə cavab oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Hesabı açaraq, komandasını qələbəsinə töhvə verən xorvatiyalı futbolçu artıq ikinci təsnifat mərhələsindəki rəqibləri Dundalk barədə düşündüklərini söyləyib.

- Oyun haqda nə deyə bilərsiniz?

- Partizani bizə çətinliklər yaratdı. Yaxşı rəqiblə qarşılaşırdıq. Taktiki cəhətdən və müdafiədə çox yaxşı oynadılar.

- İlk hissədə qol vura bilməməyinizin səbəbi nə oldu?

-  Əsas odur ki, lazım olan qolları ikinci hissədə vurub, qələbə qazanmağı bacardıq.

- Baş məşqçi Qurban Qurbanov fasilədə hansı tapşırıqları verdi?

- Bildirdi ki, sakit oynamaq lazımdır, hər şey yaxşı olacaq.

- Başla vurduğunuz qol Qarabağ-ın mərhələ adlamasına kömək oldu...

- Uzun müddət idi başla qol vurmurdum (gülür). Ancaq ən önəmlisi qələbə qazanmaq idi. İndi II təsnifat mərhələsini gözləyirik.

- Növbəti mərhələdəki rəqibiniz İrlandiya Dundalk-ı barədə məlumatınız varmı?

- Hələ ki, xeyr. Ancaq öyrənəcəyik. Yaxşı hazırlaşmaq lazımdır.

- Partizani-nin II mərhələdəki rəqibdən güclü olduğunu düşünənlər var. Siz bu barədə hansı fikirdəsiniz?

- Bunu deyə bilmərəm. Hər mərhələdə çətin rəqib olur. Əsas bu matçlara yaxşı hazırlaşmaq və baxımlı oyun göstərməkdir.

- Qarabağ-ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi real görünür?

- İndi bu barədə danışmaq üçün erkəndir. Oyun-oyun, mərhələ-mərhələ irəliləmək lazımdır. Sonrasını birlikdə görəcəyik.

- Qəbələ-də olarkən "Dalğa Arena"da avrokubok matçına çıxmısınız. Bura sizin üçün necədir?

- Bəli, Maribor-a qarşı burda oynamışam. Ancaq "Tofiq Bəhramov"da oynamağı sevirəm. Hələ ki, "Dalğa Arena"dayıq. Sonra necə olacaq, bilmirəm. Stadionla bağlı bir problemimiz yoxdur.