Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb


Digərləri 18 İyl 2019 13:10:00 195 0

Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

“Azərbaycan universitetləri” “Facebook” səhifəsinin rəhbəri Zöhrab Süleyman “Tələbələrin dostu” sosial mükafatını rektor Ceyhun Məmmədova təqdim edib.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ali təhsil müəssisəsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə həyata keçirdiyi tədbirlərlə tələbələrin rəğbətini qazanaraq, ölkənin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan universitetləri” “Facebook” səhifəsinin təsis etdiyi “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb. Trend-in məlumatına görə, “Azərbaycan universitetləri” “Facebook” səhifəsinin rəhbəri Zöhrab Süleyman “Tələbələrin dostu” sosial mükafatını rektor Ceyhun Məmmədova təqdim edib. Görüş zamanı rektor İnstitutda təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin daha çevik və səmərəli qurulması, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün həyata keçirilən böyük islahatlar, çoxsaylı layihələr haqqında məlumat verib, qarşıya qoyulan hədəf və məqsədlərlə bağlı fikirlərini bölüşüb. Aİİ rəhbəri vurğulayıb ki, güclü şəxsiyyət yetişdirmək üçün tələbələrə dərin bilik, zəngin dünyagörüş, yüksək mədəniyyət aşılamaq İnstitutun əsas məqsədlərindəndir. O bildirib ki, vətənpərvər mütəxəssislərin hazırlanması yönündə dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların yetişdirilməsi İnstitutun qarşıya qoyduğu vəzifələrdəndir. C.Məmmədov qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün Aİİ bütün gücünü və potensialını səfərbər edib, göstərilən yüksək inam və etimadı doğrultmağa çalışır. Rektor Aİİ-də dövlətin qayğı və təminatı ilə hər cür şəraitin yaradıldığını, təhsilin ödənişsiz əsaslarla həyata keçirildiyini, ayrıca xarici dil kurslarının təşkil edildiyini, İnstitutda tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində müxtəlif mövzularda seminar və görüşlərin təşkil olunduğunu vurğulayıb.