Baş Prokurorluq: Məktəblinin vəfatı ilə əlaqədar istintaq tədbirləri davam etdirilir


Digərləri 17 İyl 2019 19:52:00 256 0

Baş Prokurorluq: Məktəblinin vəfatı ilə əlaqədar istintaq tədbirləri davam etdirilir

Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

Bakı. Xəbər verildiyi kimi Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, istintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə zəruri istintaq tədbirləri həyata keçirilir. Cinayət işinin istintaqı zamanı Elina Hacıyevanın hüquqi varisi Sevil Hüseynovanın vəkilləri tərəfindən verilmiş vəsatətlərə qanunvericiliyə uyğun baxılmaqla nəticəsi barədə mərhumun valideynləri və kütləvi informasiya vasitələri məlumatlandırılmışlar. Qeyd edilənlərə baxmayaraq zərərçəkmiş şəxsin qohumları tərəfindən cinayət işi üzrə istintaqın qeyri obyektiv aparılması ilə bağlı mətbuat konfransı keçirilərək ibtidai araşdırmanın normal gedişatına təsir göstərilməsinə cəhd edilmişdir. Cinayət işi üzrə təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasını həyata keçirən ekspertlər komissiyasının tərkibinə Sevil Hüseynovanın təklif etdiyi mütəxəssisin cəlb edilməsi barədə vəkilləri tərəfindən vəsatət istintaqa təqdim edilənədək Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərindən ibarət komissiya yaradılmaqla ekspertiza tədqiqatı aparıldığından vəsatət təmin edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova ilə zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Hüseynova arasında üzləşdirmə aparılmasına dair növbəti vəsatət qeyd edilən şəxslərin ifadələri arasında ziddiyyət olmadığından prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq vəsatət təmin edilməmişdir.