Yay Olimpiya Festivalı zamanı xüsusi avtobuslar ayrılacaq, bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək


Digərləri 17 İyl 2019 19:21:00 240 0

Yay Olimpiya Festivalı zamanı xüsusi avtobuslar ayrılacaq, bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

XV Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı Bakıda xüsusi avtobuslar ayrılacaq, bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir: "Bakıda keçirilən mötəbər idman oyunlarının və digər mərasimlərinin təşkilində əldə edilən uğurlu təcrübəyə söykənərək paytaxtımızın ev sahibliyi edəcəyi XV Avropa Gənclər Yay Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrası da Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək.

Məqsəd nəzərdə tutulan nəqliyyat əməliyyatlarının daha rahat və təhlükəsiz təşkil etmək, tədbirlərin keçirildiyi məkanlara gedərkən şəxsi nəqliyyat vasitəsindən istifadəni minimuma endirməkdir. Planlaşdırılan nəqliyyat tədbirlərinin insanların gündəlik həyat ritminə mənfi təsirlərinin qarşısını almaq da qarşıya qoyulan əsas məqsədlərdəndir.

Məlumat üçün bildirək ki, 20-28 iyul tarixlərində Bakı şəhərində keçiriləcək "XV Avropa Gənclər Yay Olimpiya Festivalı" ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən bir sıra işlər görülüb və qarşıdakı günlərdə də müəyyən tədbirlərin icrası davam etdiriləcək".

Məlumata əsasən, festivalın açılış (21.07.2019) və bağlanış (27.07.2019) mərasimləri zamanı daşımalar iki ekspress marşrut xətləri ilə həyata keçiriləcək. Hər iki ekspress xətt üzrə daşınmaların həyata keçirilməsi üçün 40 ədəd İveco, İsuzu markalı avtobusun ayrılması planlaşdırılır:

"Açılış və bağlanış mərasimlərinə atletlərin, tədbir iştirakçılarının, media işçilərinin daşınması üçün isə 106 Neoplan , 35 ədəd Mercedes Sprinter avtobusların ayrılması planlaşdırılır. Açılış mərasimi zamanı Atletlər kəndi, Bulvar otel, Heydər Əliyev Arenası, Gəncəli Plaza və X1, X2 ekspress xətləri üzrə 11500 sərnişinin daşınması planlaşdırılır. Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərdə ictimai nəqliyyat gecə 01:00-a qədər fəaliyyət göstərəcək:

X1 xətti üzrə avtobuslar (28 May m/st - Bakı Kristal Zalı)

X2 xətti üzrə avtobuslar (Elmlər Akademiyası m/st - Bakı Kristal Zalı)

Festivalın keçiriləcəyi məkanlardan 12 ədədi yarış məkanı, 7 ədədi isə qeyri-yarış məkanı olacaq. Festivalla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək nəqliyyat əməliyyatlarına 100 nəfərdən artıq Agentliyin əməkdaşı cəlb olunacaq. Yarış və qeyri-yarış məkanlarına 11.07.2019-cu il tarixindən etibarən sınaq yürüşləri təşkil olunur ki, bu da sürücülərin hərəkət sxemləri, yarış və qeyri-yarış məkanları ilə tanışlıq xarakteri daşıyır.