SOCAR istiqrazlarının sahibləri 13.75 milyon dollar qazandı (FOTO)


Digərləri 17 İyl 2019 11:20:40 227 0

SOCAR istiqrazlarının sahibləri 13.75 milyon dollar qazandı (FOTO)

SOCAR istiqrazlarının növbəti faiz ödənişi edildi

Bakı. Dollarda illik 5% gəlir qazandıran və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının 2019-cu il üzrə 17 iyul tarixində sayca 3-cü, ümumilikdə isə 11-ci faiz ödənişi edilib və bununla istiqraz sahiblərinin ümumi gəliri 13 milyon 750 min dollara yüksəlmiş olub. 2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR istiqrazları üzrə qarşıdakı rüblərdə daha 9 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində, istiqraz sahibləri əlavə 11 milyon 250 min dollar qazanmış olacaqlar (ümumilikdə 25 milyon dollar). “SOCAR Capital” şirkətindən Trend-ə verilən məlumata əsasən, hər istiqraz üçün 12.5 dollar olmaqla, toplamda 1.25 milyon dollar vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb. Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı-satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 175 milyon dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır – 2019-cu ilin ilk yarısında 240, ümumilikdə isə 1800 əqd bağlanıb.