SSRİnin şöhrətli "sovet əcnəbisi" FOTO


Digərləri 17 İyl 2019 07:00:00 240 0

SSRİnin şöhrətli "sovet əcnəbisi"  FOTO

Anası oğlunu təbrik etməyə gəlir və onu qolları qandallanmış halda mağarada tapır

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Tanınmış sovet və rus aktyoru Andrey Xaritonov 59 yaşında vəfat edib". Rejissor Vitali Manskinin sosial şəbəkədə paylaşdığı status kinosevərləri xeyli kədərləndirib. A.Xaritonov onkoloji xəstəlikdən əziyyət çəkirdi. Nikolay Maşenkonun 1980-ci ildə çəkdiyi "Ovod" filmindəki Artur Berton rolundan sonra aktyor əsl "ulduz"a çevrilir. A.Xaritonovun sayəsində Etel Lilian Voyniçin yazdığı roman sovet dövrünün məktəbli qızları üçün bir istinad kitabına çevrilmişdi - gecələr məhz bu haqda (daha doğrusu, onun qəhrəmanı, romantik inqilabi Artur-Felice) haqqında danışardılar. Xaritonov hələ institutda oxuduğu illərdə bu rola çəkilmişdi. Filmin təqdimatından sonra aktyor o qədər şöhrətləndi ki, öz sözləri ilə desək, hətta küçədəki pişiklər də onu görəndə huşlarını itirirdilər. 

İlk cəhddən sonra

Andrey İqoreviç Xaritonov 1959-cu ildə Kiyevdə anadan olub. Onun ailəsi incəsənətdən uzaq idi. Anası müəllimə, atası isə mühəndis işləyirdi. Valideynləri öz işlərinə ciddi yanaşır və övladlarından da təhsildə və həyatda onlar kimi olmağı tələb edirdilər. Onlar Andreyi arxitektor kimi görmək istəyirdilər. Axı, o, fizika-riyaziyyat məktəbində əlaçı idi və yaxşı əl qabiliyyəti vardı. Ancaq valideynləri ilə oğullarının istəkləri üst-üstə düşmürdü. Hələ 4 yaşlarında olarkən "Fanfan Tülpan" filmindəki hadisələr oğlana o qədər təsir etmişdi ki, başqa heç nə haqqında düşünə bilmirdi. Ona görə də, onilliyi bitirəndən sonra attestatını aktyorluq məktəbinə təqdim etdi. Elə ilk cəhddən sonra Karpenko adına İnstituta daxil oldu və aktyorluq şöbəsini seçdi.

Andrey Xaritonovun kinematoqrafiya tarixçəsi hələ tələbəlik illərindən başlamışdı. 19 yaşlı oğlan "Sizi vətəndaş Nikanorova gözləyir" filmində epizodik rolda çəkilir. 1979-cu ildə isə Nikita Mixalkovun "İ.İ.Oblomovun həyatından bir neçə gün" filmində əsas rolda ekranlara çıxır. 

Təhsilini bitirənə yaxın gəncdə, seçdiyi yolun düzgünlüyünə dair şübhələr oyanmağa başlayır. Ürəyində, universitetdən ayrılıb İncəsənət İnstitutunun memarlıq şöbəsinə keçmək arzusu yarandığı zaman, taleyi onu ulduz rolu ilə mükafatlandırır və bu, onilliklər ərzində onun vizit kartına çevrilir. Rejissor Nikolay Maşenko Xaritonova Edel Lilian Voyniçin "Ovod" əsərinin ekranlaşdırılması zamanı Rivares rolunda oynamağı təklif edir. 

Çəkilişlərin ilk günü aktyorun 20 yaşının tamam olduğu günə təsadüf edir. Anası oğlunu təbrik etmək üçün çəkiliş meydançasına gəlir və onu qolları qandallanmış halda mağarada görür. Nahar fasiləsində olan çəkiliş qrupu isə zəncirlənmiş Xaritonovu tamamilə yaddan çıxarmışdı. Hiddətlənmiş qadını qrim sexinin müdiri güclə sakitləşdirir: "Əsl artist professional olmaq üçün gərək cəhənnəmin bütün dairələrindən keçsin" deyə onu başa salmağa çalışır.

Çuvalla dolu məktublar

Andrey instituta və bu filmə "faktura"sına, yəni görünüşünə görə dəvət edildiyini gizlətmirdi. "Peşəmi bilavasitə çəkilişlər zamanı həmkarlarımdan və tərəf-müqabilim Sergey Bondarçukdan öyrənirdim" - deyə aktyor söyləyirdi. Rol çətin və maraqlı idi. Xoşbəxtlikdən çəkiliş meydançasının üzvləri sovet ekranının ulduzları - Sergey Bondarçuk və Anastasiya Vertinskaya idi. Onların məsləhətləri sənətə yeni başlamış aktyora çox kömək etdi. 

Film ekranlara çıxdıqdan sonra Andrey Xaritonov yuxudan məşhur oyandı. "Ovod" ona 1981-ci ildə Monte-Karloda keçirilən Beynəlxalq Kinofestivalın "Qızıl Nimfa" mükafatını və T.Q.Şevçenko adına Ukrayna Dövlət mükafatını, həmçinin "seks simvol" adını və SSRİ-dən olan pərəstişkarların çuvalla dolu məktublarını gətirdi. 

Bu ekran əsərindən sonra gənc aktyora dəvətlər bir-birinin ardınca gəlməyə başladı. Növbəti il ona "Yaroslav Mudrıy" filmində rəssam rolu təklif olundu. Tamaşaçı məhəbbətinin növbəti dalğası onu "Süleymandaşı adasında" və "Assol" filmlərindən sonra haqladı. "Romantik Qrey rolu Andrey Xaritonovun ifasında möhtəşəm idi" - deyə mətbuat yazırdı. 

"Qaratoyuqların sirri" filmindəki Lans Fontesku rolu Xaritonov üçün kinoda yeni zirvə oldu. 1983-cü ildə çəkilmiş filmdəki rol məhz onun üçün yazılmışdı. Müəlliflər Xaritonovun mənfi xarakter oynamağa razılıq verib-verməyəcəyi ilə maraqlanırdılar. "Bəli" cavabını eşitcək, ona materialı təqdim etmişdilər. Xaritonovun çəkildiyi bu filmdən sonra aktyoru Sovet İttifaqının "Ən cazibəli kişisi" və 1980-ci illərin "seks-simvolu" adlandırdılar. Film Sovet İttifaqında ekranlara çıxdıqdan sonra sanki Andrey Xaritonova aşiq olmayan bir qadın qalmamışdı. Aqata Kristinin "Çovdar dolu cib" romanının ekranlaşdırılması zamanı aktyorun tərəf-müqabilləri Natalya Danilova, Yelena Sanayeva, Lyubov Polişuk, Yuriy Belyayev oldu. Eyni ildə Xaritonov Yan Fridin "Azad külək" macəra melodramının baş qəhrəmanının xarakterinə nüfuz etmək imkanı qazandı.


Xəbərə aid fotolar