Bugünkü hərrac: 11 dövlət əmlakı üzrə 14 sifariş verilib


Digərləri 16 İyl 2019 20:44:00 214 0

Bugünkü hərrac: 11 dövlət əmlakı üzrə 14 sifariş verilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, bu dəfə 11 dövlət əmlakına ümumilikdə 14 sifariş verilib. Rəqabətli hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri, nəqliyyat vasitələri və yarımçıq tikili kimi dövlət əmlakları özəlləşdirilib. Kiçik dövlət müəssisəsi paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşir. Faydalı sahəsi 87.4 kv.m olan obyekt hərrac iştirakçısı tərəfindən 6 min 250 manata özəlləşdirilib.

Ofis və ya xidmət obyekti kimi istifadəyə uyğun olan qeyri-yaşayış sahələri isə Bakı və Sumqayıtda yerləşir. Paytaxtın Sabunçu qəsəbəsindəki dövlət əmlakı üzrə hərracda 2 sifarişçi iştirak edib. Rəqabətli mühit yaradan bu dövlət əmlakının ilkin hərrac qiyməti 9 min manat olsa da, sonda 9 min 600 manat təklif edən qalib iştirakçı qeyri-yaşayış sahəsini özəlləşdirib.

Özəlləşdirilən nəqliyyat vasitələrindən birinin hərracı da 3 nəfərin iştirakı ilə rəqabətli keçib. İlkin hərrac qiyməti 3 min manat olan "Nissan Maxima" markalı avtomobilə yekun qiymət olaraq 3 min 700 manat təklif edən vətəndaş hərrac qalibi olub.

Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində komitə tərəfindən ümumilikdə 78 hərrac keçirilib, 270-ə yaxın dövlət əmlakı özəlləşdirilib. 62 dövlət əmlakı rəqabətli hərracda özəlləşdirilib. 74 dövlət əmlakı üzrə sifarişlər elektron formada verilib, 4 dövlət əmlakının hərracında sifarişçilər "Elektron hərrac" proqram təminatı vasitəsilə onlayn formada iştirak edib.