Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu (FOTO)


Digərləri 16 İyl 2019 20:10:51 190 0

Əməkdar memar, akademik Rasim Əliyevin 85 illik yubileyi qeyd olundu (FOTO)

İyulun 16-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar memar, Dövlət mükafatı laureatı, akademik Rasim Əliyevin 85 illiyinə həsr olunmuş tədbir keçirildi.

Bakı. İyulun 16-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar memar, Dövlət mükafatı laureatı, akademik Rasim Əliyevin 85 illiyinə həsr olunmuş tədbir keçirildi. Trend-in məlumatına görə, əvvəlcə görkəmli memarın “Keçmişdən gələcəyə” adlı kitabının təqdimatı oldu. Dövlət və hökumət rəsmilərinin, elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə Rasim Əliyevin memarlıq sənətinin inkişafındakı xidmətlərindən danışdı. Bildirdi ki, sənətkar onlarla gözəl memarlıq əsərinin, bu gün abidə statusuna layiq olan binaların müəllifidir. Uzun illər Bakının baş memarı olmuş Rasim Əliyevin şəhərimizin gözəlləşməsində xidmətləri böyükdür: “Rasim müəllimin əsərlərinin əksəriyyətində ölkəyə olan məhəbbətinin təzahürləri hiss olunur. O həm də gözəl rəssamdır. Çəkdiyi portretlərdə insan xarakteri, onun gözəlliyi ön plandadır. Rasim Əliyevin rəng seçimi, rəssamlıq texnikası, tablolarında əks etdirilən lirika, əslində, öz xarakterindən irəli gəlir. Görkəmli sənətkarın böyük tələbə ordusu var. O, Azərbaycanla yanaşı, xarici ölkələrdə də yaxşı tanınır”. Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin görkəmli memarın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncamını oxudu. Nazir Rasim Əliyevin gördüyü işlərin həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayaraq bildirdi ki, o, Azərbaycan memarlıq sənətinin ən görkəmli nümayəndələrindən biridir: “Onun yaratdığı sənət inciləri daim yaşayacaq, mədəniyyətimizin inkişafına müsbət təsirini göstərəcək. Rasim müəllimin yaradıcılığı keçmişdən gələcəyə bir körpüdür”. Əbülfəs Qarayev qeyd etdi ki, Bakında, eləcə də bölgələrimizdə bir sıra tarixi abidələrimizin bugünkü görkəmində məhz Rasim Əliyevin dəst-xətti görünür. Nazir sənətkarı yubileyi münasibətilə təbrik etdi, cansağlığı və yaradıcılıq uğurları arzuladı. Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Rasim Əliyevin Azərbaycan memarlıq sənətinə verdiyi töhfələri yüksək qiymətləndirdi. Qeyd etdi ki, sənətkar Naxçıvan şəhərindəki Hüseyn Cavid məqbərəsinin layihəsinin, Heydər Əliyev Beynəlxalq Aeroportu və Naxçıvan Hava Limanının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxış edərək Rasim Əliyevin memarlığa, rəssamlığa olan məhəbbətindən danışdılar. Rasim Əliyevin istedadlı memar, fırça ustası olduğunu qeyd edən natiqlər onun şəhərsalma prosesinin təşkilatçısı kimi fəaliyyətini vurğuladılar.