Azərbaycanda 6 rayonun sakinini aldadan falçı ilə bağlı


Kriminal 16 İyl 2019 19:44:00 272 0

Azərbaycanda 6 rayonun sakinini aldadan falçı ilə bağlı

Azərbaycanda oğurluq və dələduzluqda ittiham olunan 1971-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı Elena Kalaşnikovanın kasasiya şikayətinə baxılıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Elena Kalaşnikovanın kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Astara rayon Məhkəməsinin hökmü ilə Elena Kalaşnikova 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elena Kalaşnikova apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Elena Kalaşnikovanın şikayəti Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Elena Kalaşnikovanın şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Elena Kalaşnikova kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Elena Kalaşnikova 17 aprel 2016-cı il tarixdə Astara şəhəri, Hərbi şəhərcikdə yaşayan Məryəm Nəsirovaya şəxsiyyəti barədə həqiqi məlumatları gizli saxlayaraq özünü "falabaxan İmişli rayon sakini" kimi təqdim edib.

O, evə dəvət edildikdən sonra Məryəm Nəsirovaya qısa zamanda ailə üzvlərinin faciə ilə üzləşəcəyini deyib, həmin faciədən yaxa qurtarmaq üçün evdə olan pul və qızıl-zinət əşyalarını, daha sonra isə evdəki Quran kitabını gətirməsini istəyib.

Elena pul və qızıl-zinət əşyalarını Quranın arasına qoymağı təklif edib. Sonra həmin pul və qızılları ələ keçirmək üçün Məryəm Nəsirovaya çay, gəlininə isə düyü gətirməyi tapşırıb.

Gəlin-qayınana gedən kimi Elena Quran kitabını və arasında olan 150 manat pul, 1400 manat dəyərində qızılları götürərək, evdən qaçıb.

Elena həmin il oktyabrın 25-də saat 11 radələrində Xaçmaz şəhərində yaşayan Gülnar Baxışovaya özünü Toma adı ilə təqdim edib.

Qadını oğlunun yaxın aylarda öləcəyi ehtimalına, onun bədəninə qəbiristanlıqda ruh girdiyinə, ruhu oğlanın bədənindən çıxaracağına, bundan ötrü evdə olan pul, qızıl-zinət əşyalarını ona təqdim edilməli olduğuna inandırıb. Falçı qızılları ovsunladıqdan sonra geri qaytaracağı vədini də verib...

Bu yolla Elena Gülnar Baxışovanın işlədiyi Xaçmaz şəhərində yerləşən "Stella" ayaqqabı dükanında ondan 11500 dolları, habelə 100 manat dəyərində qızıl boyunbağını, 350 manat dəyərində üzəri aypara şəkilli 7 ədəd brilyant t qaşlı nişan üzüyünü, 50 manat dəyərində üzərində "Ramil" adı yazılmış qızıl qolbağı, 1800 manatlıq kitab formalı üzərində brilyant qaşları olan bir cüt sırğa və üzükdən ibarət dəsti ələ keçirib.

Elena 2017-ci ilin avqustunda paytaxtın Əhmədli qəsəbəsində Rima İmanovaya özünü Emma adı ilə təqdim edib.

Elena Rima İmanovaya məxsus pul və qızıl-zinət əşyalarının "ovsunlandığını", həmin əmlakı "şər qüvvələrdən" təmizləyəcəyini, bundan ötrü ona məxsus pul, qızıl-zinət əşyaların ona təqdim edilməli olduğunu, onları "ovsundan təmzilədikdən" sonra geri qaytaracağı barədə yalan vəd verib.

O, Rima İmanovanın işlədiyi Neftçilər metrosunun yaxınlığında yerləşən "Amulet" gözəllik salonuna gəlib. Rimadan 5000 rus rublunu, 100 manat dəyərində bir cüt qızıl sırğanı, ümumilikdə 300 manat dəyəri olan 2 qızıl üzüyü, 50 manatlıq gümüş kulonu, 58 manat dəyərində qızıl kulonu, 300 manatlıq qızıl qolbağı, 500 manat dəyərində qızıl boyunbağını alıb.

Falçı pul və qızıl əşyalarını götürüb aradan çıxıb.