Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq


Digərləri 16 İyl 2019 14:52:00 202 0

Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq

"Yaxın günlərdə bazarlarda pomidorun qiymətində ucuzlaşmanın olacağı gözlənilir".

Son.az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Son bir həftə ərzində pomidorun qiymətinin təxminən 25-30 faiz bahalaşdığını deyən ekspert bunun əsas səbəbini sahə pomidorlarının bazara gec çıxarılması ilə izah edib.

Onun sözlərinə görə, əvvəlki illərdə pomidorun istixana şəraitində yetişdirilməsi başa çatdıqdan sonra sahədə yetişənlərin kütləvi şəkildə bazara çıxarılması təmin olunurdu. Bu il isə hava şəraiti ilə əlaqədar sahələrdə əkilən pomidorun yığımının ləngiməsi, eyni zamanda istixana şəraitində pomidorların yetişdirilmə dövrünün başa çatması məhsulun qiymətinin yüksəlməsinə səbəb olub:

"Yığımın ləngiməsi məhsulun satışa çıxarılmasını da ləngidir. Bütün bu səbəblər bazarda təklifin azalmasına gətirib çıxarıb. Bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olub. Yaxın zamanda sahə pomidorlarının bazara çıxarılacağını və təklifin artacağını gözləyirik. Oxşar vəziyyət 2017-ci ildə müşahidə edilmişdi. Həmin ildə də qiymətlər bahalaşmışdı, daha sonra sahə pomidorlarının bazara çıxarılması ucuzlaşmaya səbəb olmuşdu. Bu baxımdan güman edirik ki, yaxın günlərdə qiymətlərdə 20 faizə yaxın azalmanın olacağı gözlənilir. Azalma, eyni zamanda sahə pomidorlarının bazara nə qədər çıxarılacağından asılıdır. Daha çox sahə pomidorunun bazara çıxarılması qiymətlərin enməsinə daha çox təsir edə bilər".