Aİ Türkiyəyə qarşı sanksiyalar tətbiq edir


Dünya 16 İyl 2019 08:08:00 233 0

Aİ Türkiyəyə qarşı sanksiyalar tətbiq edir

Avropa İttifaqı (Aİ) Kiprin xüsusi iqtisadi zonasında qazma işlərinin aparılmasına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərlərinin iclasının yükunları üzrə qəbul edilən Aİ Şurasının bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Türkiyənin qanunsuz qazma işlərinin davam etdirməsi və yeni fəaliyyəti fonunda Şura Hərtərəfli Hava Nəqliyyatı haqqında Sazişin imzalanması üzrə danışıqların dayandırılması, o cümlədən Assosiasiya Şurasının və Aİ və Türkiyə arasında yüksək səviyyəli dialoq üzrə gələcək iclasların keçirilməməsi barədə qərar qəbul edib".

Bundan əlavə Aİ Ankaraya qarşı məhdudlaşdırıcı tədbirlər də tətbiq edir: "Şura Avropa Komissiyasının 2020-ci il üçün Türkiyəyə maliyyə dəstəyinin azaldılması barədə təklifini təqdir edir, həmçinin Avropa İnvestisiya Bankına Türkiyədəki kredit fəaliyyətini yenidən nəzərdən keçirməyə dəvət edir".