Hər il azı 1,4 milyard turist başqa ölkəyə səfər edir


Digərləri 15 İyl 2019 22:25:00 229 0

Hər il azı 1,4 milyard turist başqa ölkəyə səfər edir

Şəhərlərin qədim mərkəzi və tarixi məhəllələri ilə hərəkət edən insan kütlələri, şəhərlərin əsas hərəkət yollarında tıxac yaradan səyahət avtobusları, bələdiyyələrə gecələmə üçün rüsum ödəməyən, lakin ətraf mühitə ağır zərbə vuran okean laynerləri, turistlərlə dolu dəniz çimərlikləri və tarixi abidələr qarşısında gözləmə sıraları hər ilin yay aylarında turizm mövsümünün tanış mənzərələridir. Kütləvi turist səfərləri ətraf mühitə böyük zərbə olsa da, dünya üzrə turistlərin sayı ildən-ilə artmaqdadır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2017-ci ildə dünyada azı 1,4 milyard insan turist kimi səyahətə çıxıb. Ümumdünya Turizm Təşkilatının (UNTWO) verdiyi məlumata görə, bu göstərici 2016-cı illə müqayisədə altı faiz artım deməkdir. Buraya həm fərdi, həm biznes səfərləri, eləcə də bir şəxsin il ərzində keçirdiyi bütün səfərlər daxildir.

Dünyanın ən çox səfər edilən beş turizm istiqamətindən üçü Avropada yerləşir. 90 milyon turistlə Fransa bu siyahıya başçılıq edir, sonrakı yerlərdə İspaniya (82 milyon), ABŞ (77 milyon), Çin (61 milyon) və İtaliya (58 milyon) gəlir. Araşdırmalara görə, turistlər son dövrlərdə indiyədək maraqlı olmayan istiqamətləri də kəşf etməkdədirlər. Belə ki, Yaxın Şərq, Şimali Afrika və Cənubi Saxara regionları yeni trendlər sırasındadır.

Beynəlxalq qurumun məlumatına görə, 1970-ci ildə beynəlxalq turistlərin sayı 166 milyon nəfər idisə, 2017-ci ildə təkcə Çindən xaricə səfər edən turistlərin sayı 143 milyon nəfər olub. Sonrakı yerdə 92 milyonla almanlar, 88 milyonla amerikanlar dayanır.