Rüşvətə görə tutulan hakimin vəsatəti təmin edilməyib


Kriminal 15 İyl 2019 19:54:00 240 0

Rüşvətə görə tutulan hakimin vəsatəti təmin edilməyib

Şəki Ağır Cinayətlər Məhkəməsində Zaqatala Rayon Məhkəməsinin keçmiş hakimi Arif İsmayılov, onun məsləhətçisi Şahid Allahverdiyev və Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə Arif İsmayılovun və Şahid Allahverdiyevin vəkilləri vəsatət verərək müvəkkilləri barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş ediblər.

Vəsatət təmin olunmayıb. Məhkəmə baxışı iyulun 24-ə təyin edilib. 

Qeyd edək ki, qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilən Zaqatala Rayon məhkəməsinin hakimi Arif İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən, cinayət xarakterli korrupsiya halına hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Materiallar üzrə cinayət işi başlanıb və istintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.