DMTdən Şimal yarımkürəsi ilə bağlı maraqlı fakt


Digərləri 15 İyl 2019 18:54:00 246 0

DMTdən Şimal yarımkürəsi ilə bağlı maraqlı fakt

Dünya Meteorologiya Təşkilatının (DMT) məlumatına görə, "Kopernik" layihəsinin Avropa atmosferin monitorinqi xidməti bu il iyunun əvvəlindən Arktika dairəsində 100-ə yaxın intensiv və davamlı meşə yanğınını qeydə alıb. Bir ay ərzində atmosferə 500 meqaton karbon-dioksid buraxılıb. Bu, əvvəlki 8 il ərzində müvafiq dövrün toplam göstəricidən çoxdur. Daha bir müqayisə: İsveçdə bu qədər zərərli tullantı bir il ərzində yaranır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, may-oktyabr aylarında Şimal yarımkürəsində meşə yanğınları nadir hadisə deyil, lakin bu il belə yanğınların daha intensiv və sürəkli olması ekspertləri ciddi narahat edir. Bu il Alyaskada və Sibirdə baş verən yanğınlar bəzi hallarda futbol meydanından 100 min dəfə artıq ərazini əhatə edir. Bu il təkcə Alyaskada 400 min meşə yanğını qeydə alınıb. Orada yanğınlar hər il yeni sahələri bürüyür.

Sibirin bəzi rayonlarında havanın temperaturu 1981-2010-cu illər üzrə orta göstəricidən 10 dərəcə yüksəkdir. İyulun 4-də Alyaskada temperatur bütün rekordları geridə qoyaraq 32 dərəcədən yuxarı olub. Qızmar hava yeni yanğın mənbələri əmələ gəlməsinə şərait yaradıb.

Arktikanın təbiəti iqlim dəyişmələri qarşısında xüsusilə köməksiz vəziyyətdədir. Qar və ya buz örtüyünün üstünə düşən kül günəş işığını udur, bu da öz növbəsində istiləşmənin sürətlənməsinə şərait yaradır. Arktikada yanğınlar əbədi buzlaqların əriməsinə və metan parnik qazı ayrılmasına gətirib çıxarır.

Alimlər onu da bildirirlər ki, Şimal yarımkürəsi bütövlükdə planetlə müqayisədə daha sürətlə qızır.