Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq


Digərləri 15 İyl 2019 15:24:00 397 0

Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq

Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq.

Son.az xəbər verir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, müvafiq araşdırma və bərpa işlərdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək və sarayın ərazisi turistlərin üzünə açıq olacaq.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.

Hadisədən zərər çəkmiş 13 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 6 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsi davam edən Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağırdır. Həmin xəstəxanada müalicə alan digər yaralı Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.