“Beynəlxalq əmək standartları” mövzusunda konfrans keçirilir (FOTO)
Digərləri 15 İyl 2019 15:05:00 218 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Beynəlxalq əmək standartları” mövzusunda konfrans öz işinə başlayıb.
Bakı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Beynəlxalq əmək standartları” mövzusunda konfrans öz işinə başlayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin ölkəmizdə əmək sahəsində də mütərəqqi beynəlxalq yanaşmalara uyğun islahatların uğurla davam etdirilməsinə imkan verdiyini vurğulayıb. O, 2019-cu ilin sosial sahədə inqilabi addımların atıldığı bir il olduğunu qeyd edərək, dövlət başçısının cari ildə təqdim etdiyi iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının iki dəfəyə yaxın artırıldığını deyib. Qeyd edib ki, bununla da cari il sentyabrın 1-dən ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələyəcək. Dövlət büdcəsindən maliyyələşən bütün sahələrdə çalışan işçilərin vəzifə maaşları da sentyabrın 1-dən əhəmiyyətli dərəcədə artırılacaq. Bütün bunlar əhalinin rifahına ciddi dəstək olmaqla, təbii ki, əmək bazarında müsbət meyillərin sürətlənməsinə, əmək münaisbətlərində leqallaşmaya, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir edir. Bu il müavinət və təqaüdlər də orta hesabla 100 faiz artırılıb.
A.Əliyev ölkəmizin BƏT-lə geniş əməkdaşlıq gündəliyinin olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan Respublikası ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulub, xüsusilə də həmin sənədlər sırasında BƏT-in bütün fundamental (8 ədəd) və prioritet (4 ədəd) Konvensiyalarını ratifikasiya edib. Bu isə Azərbaycanın əmək sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqi ilə bağlı fəal və məqsədyönlü siyasətə malik olduğunu göstərir. Çünki həmin fundamental və prioritet konvensiyalar təkmil əsaslarda əmək qanunvericiliyi sisteminin formalaşdırılmasında xüsusi önəm kəsb edir.
Nazir müavini BƏT-lə birgə icra olunan “Azərbaycan Respublikasının 2016 – 2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində aparılan işlərin müsbət nəticələrini, BƏT-in dəstəyi ilə yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əmək, məşğulluq, sosial müdafiə sahələrində uğurlu islahatlar proqramının həyata keçirilməsində önəmli rolunu diqqətə çatdırıb. A.Əliyev ölkəmizdə əmək sahəsində BƏT Konvensiyalarına, beynəlxalq əmək standartlarına uyğun islahatların ardıcıl xarakter aldığını, hazırkı konfransın beynəlxalq əmək standartları, onların tətbiqi məsələlərinin müzakirəsinə həsr edildiyini deyib.
Mənbə: az.trend.az