BakıŞamaxı yolunda yenidənqurma işləri BU TARİXDƏ yekunlaşacaq FOTO


Digərləri 15 İyl 2019 11:07:00 279 0

BakıŞamaxı yolunda yenidənqurma işləri BU TARİXDƏ yekunlaşacaq  FOTO

"Bakı-Şamaxı-Yevlax avtomobil yolunun yenidənqurma işlərinin 2020-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulub".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda magistralın 16 km-lik hissəsinin genişləndirilməsi davam etdirilir:

"Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.

Layihəyə əsasən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayırıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3.75 m təşkil edəcək.

Hazırda işçi cizgilərin hazırlanması, bitki qatının çıxarılması, torpaq yatağının tikintisi, torpaq yatağının üst layının hamarlanması işləri yerinə yetirilir. Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 15 metrə qədər genişləndirilib.

Magistralın bu hissəsində iki yeni avtomobil körpüsünün tikintisi işləri də aparılıb. Körpülər yolun 107-ci km-də Acıdərə çayı və 114.5-ci km-də Pirsaatçay üzərində salınıb. Acıdərə çayı üzərində tikilən körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğundadır".