Aviasərnişinlərin ən xoşagəlməz yeddi tipi


Digərləri 15 İyl 2019 06:29:00 247 0

Aviasərnişinlərin ən xoşagəlməz yeddi tipi

Təyyarə bələdçilərinin işi çoxlarına romantik görünsə də, bu zahiri cəlbediciliyin arxasında gərgin əmək dayanır. Hər reys yüzlərlə insan, hərənin öz xarakteri və tələbləri ilə bağlıdır və hər kəslə "dil tapmaq" lazımdır. Stüardessaların belə hallarda özlərini təmkinli aparmaları barədə onlara xüsusi təlim keçilir. Bəs salondakı qonşunuz özünü heç də yaxşı aparmırsa, siz nə etməlisiniz? Yəqin ki, siz də belə səhnələrin şahidi olmuşunuz: sərnişinlərdən biri öz şəxsi əşyaları ilə az qala bütün baqaj bölməsini tutur, yaxud "şuluqluq edir", uşaq kimi ayaqlarını sizin kresloya vurur, yaxud sizinlə yanaşı əyləşən vətəndaşın çirkli corablarının "ətiri" sizi hövsələdən çıxarır...

Hər bir heyət xoşagəlməz sərnişinlərlə bağlı əhvalatlar söyləyə bilər.

Son.az bildirir ki, AZƏRTAC "www.tonkosti.ru" saytına istinadla salondakı qonşularını "cinləndirən" sərnişin tiplərinin təyyarə bələdçilərinin müşahidələrinə əsasən tərtib olunmuş "reytinqini" təqdim edir:

7. Qabaritli qonşu

Belə sərnişin salonda yeri pəncərənin yanında olan sərnişinlər üçün əsl bəladır: uzunayaqlı və ya iri vətəndaş öz yerindən əlavə sizin yerinizin də bir hissəsini tutur, üstəlik, keçid yolunu da kəsir. Əgər o, möhkəm yuxuya gedibsə, onun üstündən heç cür keçə bilməyəcəksiniz.

6. Boşboğaz qonşu

Siz uçuş vaxtından səmərəli istifadə etmək üçün özünüzlə bir kitab götürmüşünüz, yaxud maraqlı bir film tapmışınız və indi həmin filmə baxıb ləzzət almaq istəyirsiniz... Amma sizinlə yanaşı əyləşən qonşunuzun tamam başqa planları var. O, çox ünsiyyətcil adamdır və hesab edir ki, ətrafdakılar onun söhbətini dəstəkləməyə borcludurlar. O, haraya və nə üçün uçması, itinin necə gülməli hərəkətlər etməsi, uşağının gündə neçə dəfə tualetə getməsi barədə bütün təfsilatı ilə danışır. Belə boşboğazlardan yaxa qurtarmaq o qədər də asan deyil, lakin bir təsirli üsul var: siz ayaqyoluna gedirsiniz, qayıdanda isə dərhal qulaqcıqlarınızı taxıb üzünüzü kənara çevirir və özünüzü elə göstərirsiniz ki, guya qonşunun danışdıqlarını eşitmirsiniz. O, sizi bir neçə dəfə ünsiyyətə cəlb etməyə çalışacaq, amma bu cəhdlərin nəticə vermədiyini görəndə sizə marağı tükənəcək.

5. Sizin yerinizə iddia edən sərnişin

Siz təyyarədə əyləşmə talonunda göstərilmiş yerinizə yaxınlaşırsınız, amma orada bir başqası əyləşib. Ola bilsin ki, həmin adam səhv edib və ya qonşunuz pəncərəyə yaxın əyləşmək istəyib. Bu halda ondan nəzakətlə xahiş edə bilərsiniz ki, yerini dəyişsin. Sistemdə nadir hallarda da olsa nasazlıq yaranır və təyyarədə əyləşmə talonlarında iki sərnişin üçün eyni yer göstərilir. Belə hallarda dərhal təyyarə bələdçisini çağırın və o, sizə boş kreslo təqdim edəcək. Amma əgər bütün yerlər tutulubsa sizin daha yüksək xidmət salonuna hətta pulsuz keçirə bilərlər.

4. İri çantalı qonşular

Nə üçün sərnişinlərin çoxu təyyarəyə minərkən növbədə birincilərdən biri olmağa çalışır? Cavab çox sadədir: Öz əşyalarını baqaj rəfində başqalarından daha tez yerləşdirmək üçün. Lakin bəzən siz gələnə qədər baqaj rəfindəki bütün yerlər qonşularınızın əşyaları ilə tutulmuş olur. Belə hallarda əl yükünüzü haraya qoymalı? Buna görə əsəbiləşmək və yol yoldaşlarınızla söyüşmək lazım deyil. Yaxşısı budur, dərhal stüardessaya müraciət edin.