Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb (FOTO)


Digərləri 14 İyl 2019 10:40:57 244 0

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb (FOTO)

Heydər Əliyev Fondunun, Fransadakı səfirliyimizin və Kann şəhər meriyasının təşkilatçılığı ilə dünya şəhəri adlandırılan Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb

Bakı. Heydər Əliyev Fondunun, Fransadakı səfirliyimizin və Kann şəhər meriyasının təşkilatçılığı ilə dünya şəhəri adlandırılan Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb. Heydər Əliyev Fondunun Kann Festivallar və Konqreslər Sarayı yaxınlığındakı “Dəniz Vağzalı” (Gare maritime) sərgi pavilyonunda “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin açılışı olub. Sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Kann şəhər merinin müavini Frank Şıkli çıxış ediblər. Anar Ələkbərov Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunu prezidenti Mehriban Əliyevanın mədəniyyətimizin dünyada tanıdılması istiqamətində verdiyi töhfələrdən danışıb. O, Fondun müxtəlif ölkələrdə, eləcə də Fransada həyata keçirdiyi irimiqyaslı humanitar, sosial layihələrdən və tarixi abidələrin restavrasiyasına verdiyi töhfələrdən söz açıb. İcraçı direktor Azərbaycan xalçaçılıq məktəbinə, onun tarixinə toxunaraq bu sərginin böyük əhəmiyyət daşıdığını qeyd edib. “Bir neçə gün əvvəl Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyada ölkəmiz üçün çox mühüm bir qərar qəbul edildi. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Bu gün Kann şəhərində təqdim edilən sərgidə də məhz Şəki xalçaçılıq məktəbi təqdim olunur. Fondun iki ildən çox müddətdəki zəhmətinin bəhrəsi olan bu sərgidə Xalq rəssamı Eldar Mikayılzadənin Azərbaycan xalçalarının Şəki qrupundan olan 13 xalça və xalça eskizləri nümayiş olunur”, - deyə A.Ələkbərov vurğulayıb. O, sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən sərgilənən xalçaları ərsəyə gətirən toxuculara, Kann şəhər meriyasının əməkdaşlarına təşəkkürünü bildirib.