Bacı və qardaş necə tutulub?


Kriminal 14 İyl 2019 10:17:00 239 0

Bacı və qardaş necə tutulub?

Azərbaycana İrandan qanunsuz olaraq narkotik vasitə gətirməkdə ittiham edilən bacı və qardaş hakim qarşısına çıxarılıb.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirən 1978-ci il təvəllüdlü Püstəxanım Mirzəyeva və 1973-cü il təvəllüdlü Rəşid Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Püstəxanım Mirzəyeva və Rəşid Məmmədov istintaqa məlum olmayan İran vətəndaşları ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə giriblər.

Onlar Azərbaycana narkotik vasitə gətirmək barədə plan qurublar. İttihamda yazılır ki, bu barədə Dövlət Gömrük Komitəsinə məlumat daxil olub. Gömrük əməkdaşları şərti alıcı kimi Rəşid Məmmədovla danışıb. Narkotik vasitə Azərbaycana gətirilən zaman ilk olaraq Püstəxanım Mirzəyeva saxlanılıb. Daha sonra isə, Rəşid Məmmədov saxlanılıb.

Elan olunmuş ittihamla Püstəxanım Mirzəyeva özünü təqsirli bilməyib. Deyib ki, səhvi İranda ona verilən çantanı götürməsi olub.

Rəşid Məmmədov da özünü təqsirli bilməyib. Məhkəmə təqsirləndirilən şəxslərə ifadə verməyi təklif edib.

Püstəxanım Mirzəyeva növbəti prosesdə ifadə vermək istədiyini deyib.

Rəşid Məmmədov sərbəst ifadə verərkən deyib ki, İrana müalicə məqsədi ilə gedib. Bunu isə ona bacıları məsləhət görüb.

"Mən Moskvadan yeni qayıtmışdım. Böyük bacım ağır xəstə idi. O, İrana müalicəyə gedirdi. Səhhətində irəliləyiş var idi. Mənə də məsləhət gördülər. Bacımgilin də əvvəl tanıdığı İranlı tanışlar var idi. Mən gedib onlarla görüşdüm, məni qonaq etdilər. Onlarla söhbət edərkən Moskvadan bir nəfərin zəng etdiyini, mənim həmyerlim olduğunu dedi. Bir az söhbət elədik. Dedilər ki, İrana gəlsələr, görüşək. Danışığımız bu qədər olub. Sonra mən Azərbaycana qayıtdım. Gələndə məni gömrükdə saxlayıb dedilər ki, Bakıya getməliyik. Məni Dövlət Gömrük Komitəsinə apardılar. Orada dedilər ki, bacım narkotiklə tutulub. Mən buna inanmadım. Özümün də bundan xəbərsiz olduğumu söylədim. Məni də narkotik gətirməkdə günahlandırdılar".

Suallara cavab verən R.Məmmədov İranda olarkən tanımadığı şəxslə danışdığını, bunu onu qonaq edən iranlı şəxslərin planı olduğunu deyib: "Məni onlar məcbur danışdırdı. Amma danışığımızda bircə dəfə də olsun narkotik söhbəti olmayıb. Belə bir niyyətim də olmayıb. Sonradan bildim ki, telefonda danışdığım həmin şəxs gömrük əməkdaşı Malik imiş. Həmin iranlılar bizi bir hala saldı ki...".

R.Məmmədov suallara cavabında daha əvvəl məhkumluq həyatı yaşadığını deyib. Bildirib ki, namus üstündə Rusiyada qətl törədib və 8 il həbsxana həyatı yaşayıb.