Hər anı özəl yaşamağa çalışan cütlük Ailə FOTO


Digərləri 14 İyl 2019 05:30:00 307 0

Hər anı özəl yaşamağa çalışan cütlük  Ailə  FOTO

Şəmsi Bayramzadə: "Səbinə düşüncə tərzi, görünüşü, xasiyyəti ilə tam arzuladığım biri idi"

Səbinə Bayramzadə: "Tanıdıqdan sonra axtardığım şəxsin yüzdə-yüz o olduğunu düşündüm"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Budəfəki, cütlüyümüzün xüsusi tanışlıq hekayəsi yoxdur. Söhbətimiz zamanı aydın olur ki, onların hekayəsi tanışlıqlarından sonra başlayır. Uzaq qohum olduqları üçün müxtəlif məclislərdə bir-birlərini görüblər, amma həmin görüşlər zamanı günün birində ailə quracaq şəxslər olduqlarını xəyal belə etməyiblər. Sıxlaşan ailəvi görüşlər yavaş-yavaş bir sevgi hekayəsinin başlaması üçün qığılcım rolunu oynayıb. "Ailə" rubrikamızın qonaqları "Azərsun Holdinq"in trade marketinq departamentinin müdiri Şəmsi Bayramzadə və həyat yoldaşı, alman dili müəllimi Səbinə Bayramzadədir.    "Ola bilərmi", "bəlkə alınar" düşüncəsi ilə yox   Şəmsi bəy rasional insan olduğunu, emosiyaları ilə deyil, məntiqlə qərar verməyi sevdiyini bildirir. Amma bu məsələ də bir az da emosiyalarının, duyğularının səsinə qulaq verib: "Səbinə ilə məclislərdə görüşürdük. Az-çox bir-birimizi tanıyırdıq. Düşünün ki, özünüzə bir geyim almaq istəyirsiniz və beyninizdə konkret olaraq nə istədiyinizi bilirsiniz. Yüz mağazaya da girsəniz, istədiyinizi tapana qədər axtarırsınız. Zaman keçdikcə dərinləşən ünsiyyətimiz, qarşı tərəfin ötürdüyü pozitiv duyğu, mənə, əslində, axtardığım xanımın Səbinə olduğunu göstərdi. Səbinə düşüncə tərzi, görünüşü, xasiyyəti ilə tam arzuladığım biri idi. Yəni bütün nüanslar üst-üstə düşürdü. Düşündüm ki, hər şey bu qədər uyğun gəlmişkən, fürsəti əldən vermək olmaz (gülür). Amma bir məsələ də var ki, "ola bilərmi", "bəlkə alınar" düşüncəsi ilə yox, konkret olaraq "axtardığım budur" deyib münasibətə başlamaq lazımdır".

Axtardığım şəxsin yüzdə-yüz o olduğunu düşündüm   Səbinə xanım deyir ki, tanışlıqlarının ilk mərhələsindən sevgi olmayıb, Şəmsi bəy zamanla özünü sevdirməyi bacarıb: "Düzü, ilk baxışdan sevgi, vurulma olmayıb. Sadəcə Şəmsi davranışları, mənə olan münasibəti, diqqətcilliyi ilə özünü sevdirdi. Bir də çox güman ki, hər bir xanımın beynində canlandırdığı həyat yoldaşı portreti olur. Təbii ki, mənim də beynimdə bir model var idi. Şəmsi ilə tanışlığımızda düşüncələrim əlli-əlliyə idisə, zamanla tanıdıqdan sonra axtardığım şəxsin yüzdə-yüz o olduğunu düşündüm".    Qarşındakının səmimiyyətini anlaya bilmə bacarığı   Maraqlıdır, bir insanla evlilik qərarı almaq üçün onu nə qədər müddətə və necə tanımaq olar? 

Səbinə: Məncə, bu, tərəflərdən asılı olaraq dəyişir. Bəzi insanlar bir ilə, bəzisi isə bir aya belə tanıya bilir. Yəni burada müddətin önəmi yoxdur, qarşı tərəfin xasiyyətinə, düşüncələrinə bələd oldunsa, evlənə bilərsən. Bu insanla bir ömür yaşaya biləcəyini özlüyündə müəyyənləşdirdinsə, problem yoxdur. Bizdə tanışlıq müddəti altı ay oldu. Necə tanımağa gəlincə, ünsiyyətdə olmaq lazımdır. Görüş və söhbət zamanı qarşı tərəfin hərəkətlərini, sənə olan münasibətini analiz edərək tanıya bilərsən.    Şəmsi: Müddət olaraq mənim üçün konkret zaman kəsiyi yoxdur. Düşünürəm ki, birini tanımaq üçün bəlli metodlar olmalıdır. Elə ünsiyyət yaranar, münasibət qurular ki, onu 1 günə də tanıya bilərsən və ya əksinə, 2 il danışıb tanımaya bilərsən. İnsan ilk olaraq necə birini axtardığını müəyyən etməlidir. Ünsiyyət zamanı üst-üstə düşən nüanslar önəmlidir. Nə isə uyğun gəlməyəndə belə, dayanıb, düşünmək lazımdır, güzəştə getmək olar, ya yox. Maksimum 2-ci və 3-cü görüş qərar vermək üçün kifayət edir. Nə istədiyini konkret bilən biri üçün zamanı uzatmağın mənası yoxdur. Bəziləri düşünə bilər ki, ilk görüşlərdə kimisə tanımaq mümkün deyil, qarşı tərəf özünü olduğundan fərqli göstərər. Bu məqamda isə məncə, hər bir insanda qarşısındakının səmimiyyətini anlaya bilmə bacarığı olmalıdır.

Hər anımıza xüsusi olaraq yanaşmalı, onu yaddaqalan, fərqli etməliyik   "Hisslərini ilk kim etiraf etdi" sualını verən kimi Şəmsi "təbii ki, mən" deyib sözə başladı: "Yadımdadır, Səbinənin portret şəklini çəkdirib, "səni sevirəm" sözünü şerlə demişdim. Çünki düşünürəm ki, hər anımıza xüsusi olaraq yanaşmalı, onu yaddaqalan, fərqli etməliyik".    Səbinə: Bir müddət idi ki, münasibətimiz davam edirdi, amma Şəmsi hələ də "səni sevirəm" sözünü deməmişdi. Düşünürdüm ki, niyə heç nə demir. Amma belə bir jest gözlənilməz oldu və məni çox sevindirdi.

Şəmsi: Mənlik deyil, rəssam şəkli gecikdirirdi deyə, heç nə demirdim (gülür).

11 dəqiqəlik evlilik təklifi videosu   Cütlüyümüzün münasibətinin "səni sevirəm"dən sonrakı mərhələsi evlilik təklifidir. Şəmsi bu anın da yaddaqalan və özəl olması üçün unudulmaz bir evlilik təklifi planı qurub. 

Səbinə: Bəli, "səni sevirəm" cümləsindən sonra artıq münasibətimiz daha da irəlilədi və ailələr də məsələdən xəbərdar oldular. Şəmsi müasir biridir və hər anın özəl olmasını istədiyi üçün evlilik təklifi də qeyri-adi oldu. Həmin təklifin hər bir anı videoya çəkilib. Hətta, indi belə "yutubda Səbinə, Şəmsi wedding" yazsanız, 11 dəqiqəlik evlilik təklifi videomuzu izləyə bilərsiniz. Açığı, bir çoxları mənim bu sürprizdən xəbərdar olduğumu düşünürdülər, amma elə deyildi. Şəmsi qəti şəkildə heç nə hiss etdirməmişdi.


Xəbərə aid fotolar