Salyanda müalicəvi əhəmiyyətli palçıq vulkanları Reportaj VİDEO FOTO


Digərləri 14 İyl 2019 04:30:00 420 0

Salyanda müalicəvi əhəmiyyətli palçıq vulkanları  Reportaj  VİDEO  FOTO

Dünyada məlum olan 800-dən artıq palçıq vulkanından 350-dən çoxu Azərbaycan ərazisində, 16 min kvadratmetr ərazidədir. Belə vulkanların olduğu rayonlardan biri də Salyandır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Salyanda Şirvan Dövlət Təbiət Qoruğundakı palçıq vulkanları 122 hektar ərazini əhatə edir. Ərazidə yerləşən Bəndovan dağında onlarla palçıq vulkanı bu gün də fəaliyyətdədir. Bəndovan palçıq vulkanı Bakı şəhərindən 80 kilometr cənub-qərbdə, dəniz sahilində yerləşir. Bu, morfoloji cəhətdən oturacağının diametri 2 kilometrdən çox olan dağdır. Dağın şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanıb. Mütləq hündürlüyü 47, nisbi hündürlüyü isə 87 metrdir. Zirvəsi kəskin dərə-təpəli yaylaşəkilli səthdir. Burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda qrifonlar və salzalar qrupu var. Bəzi salzaların diametri 1-2 metrdir. Vulkan brekçiyasının sahəsi 118 hektar, orta qalınlığı 35 metr, həcmi isə 412 milyon kubmetrdir. Buradakı vulkanlar bir neçə dəfə püskürüb.

Şirvan Milli Parkının direktoru Arzu Mustafayev deyir ki, dünyada olan palçıq vulkanlarının böyük əksəriyyəti - 70 faizə qədəri Azərbaycanda, xüsusən də Abşeron yarımadası, Qobustan ərazisi, Şirvan, Dağlıq Şirvan və Ceyrançöl ərazilərindədir. Dünyadakı ən böyük palçıq vulkanı - Toraqay da Azərbaycandadır. Palçıq vulkanları minlərlə mikroorqanizmlə zəngindir. Mütəxəssislərin fikrincə, palçıq tullantılarının tərkibində karbon, yod, bioloji aktiv maddələr, ion şəklində elementlər və insan orqanizmi üçün əhəmiyyətli olan yüzlərlə mineral var.

Həkim-terapevt Fatma Səmədzadə qeyd edir ki, palçıq vulkanları təkcə neft-qaz yataqlarının axtarışı üçün öyrənilmir. Palçıq vulkanlarının həm də müalicəvi əhəmiyyəti var. Salyan ərazisində təbii palçıq çıxır ki, bu da bir çox xəstəliklərin müalicəsinə kömək edir. Xüsusən sümük, oynaq sistemlərinin, sinir xəstəliklərinin müalicəsində çox gözəl təsirləri var.

Bəndovan palçıq vulkanı təkcə müalicəvi deyil, həm də turizm baxımından əlverişlidir. Arzu Mustafayev deyir ki, Azərbaycana gələn qonaqlar bu əraziyə böyük maraq göstərirlər.

Tarixçi Sahib Həsənov isə bildirir ki, palçıq vulkanları təkcə təbii fəlakət mənbəyi deyil, həm də insanların istifadə etdikləri qiymətli sərvətdir. Palçıq vulkanından istifadə etmək, dənizin havasını qəbul etmək həm yerli sakinlər, həm də turistlər üçün çox faydalıdır.


Xəbərə aid fotolar