Küçədə satışı qeyriqanunidir, amma satılır


Digərləri 14 İyl 2019 03:30:00 256 0

Küçədə satışı qeyriqanunidir, amma satılır

Yol kənarında qoyulan, "sağlamlıq üçün təhlükəlidir" deyilən qarpızın satışına kim nəzarət etməlidir?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Qarpız və yemiş yay aylarının əvəzedilməz bostan bitkilərindədir. Demək olar ki, isti yay günlərində hər gün istifadə edirik. Satışına isə böyük və kiçik marketlər, meyvə-tərəvəz mağazaları ilə yanaşı, səyyar formada da rast gəlirik. Hətta deyərdim ki, yol kənarlarında qarpız-yemişin satışının səyyar şəkildə, avtomobillərdə aparıldığını addımbaşı görürük. Bir hissə qarpız maşının yük yerində olur, bir hissəni də yerə yığırlar.

Ancaq hər il qarpızdan zəhərlənmə hallarına da rast gəlirik. Yəni yeyərkən diqqət etməli olduğumuz qidalardandır. Bəs yol kənarında bu cür satışı aparılan qarpız-yemişin təhlükəsizliyinə kim nəzarət etməlidir? Səyyar satıcıların məhsulu yoxlamadan keçirilirmi? Bu məhsulun qida təhlükəsizliyi baxımından hər hansı bir fəsad törətməyəcəyinə əmin ola bilərikmi? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, əslində bu cür satış qeyri-qanunidir: "Orda satılan məhsullar sağlamlıq üçün təhlükəlidir. Çünki qida məhsulları istehlakçının süfrəsinə gələnə kimi saxlanma şəraitinə düzgün riayət edilməlidir. Bəzən gün düşməməsi üçün müxtəlif üsullarla qorumağa çalışırlar, məhsulun üstünə nə isə atırlar. Amma bunlar da düzgün saxlanma qaydası deyil. Çünki hər bir məhsulun öz saxlanma temperaturu var, açıq havada təhlükəsizlik təmin olunmur. Qida Təhlükəsizliyi Agentliyi belə məhsulların küçələrdə səyyar şəkildə satışının qarşısını almaq üçün cavabdeh dövlət orqanıdır. Və əhali də gərək belə yerləri boykot etsin, məhsulu düzgün saxlanma şəraiti olan yerlərdən alsınlar".

Bu suallarla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinə müraciət etdik. Lakin bir iş günü ərzində sorğumuza cavab verilmədi.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin isə "Sputnik Azərbaycan"ın sorğusuna cavab olaraq dedikləri tövsiyə xarakterlidir. AQTİ vətəndaşlara məsləhət görüb ki, günəş altında və yol kənarlarında satılan qarpızları almasınlar: "Həmçinin kəsilmiş doğranmış olan qarpızlar alınmamalıdır. Kəsilən qarpızların üzərində olan və ya ətrafda olan patogenlər yarım saat ərzində qarpızın daxilinə keçərək çoxalmağa başlayır və zəhərlənməyə səbəb ola bilir. Qarpız evdə su ilə təmiz yuyulmalı və təmiz bıçaq vasitəsilə kəsilməlidir. Kəsildiyi gün istehlak olunması daha məqsədəuyğundur. Soyuducuda saxladıqda, tələb olunan rejimdə saxlanılmasına əməl edilməlidir. Kəsilmiş qarpızlar növbəti günə qaldıqda isə mütləq şəkildə kəsilən hissələrin üst səthi nazik qat şəkilində kəsilib çıxarılmalıdır. Zərərli maddələr əsasən qabığa yaxın hissələrdə toplandığı üçün mərkəzi hissələrinin yeyilməsi məsləhət görülür".