"Türkiyə ilk qaranquş idi" Rusiya "S400"lərə yeni müştərilər tapıb


Dünya 13 İyl 2019 23:54:00 211 0

"Türkiyə ilk qaranquş idi"  Rusiya "S400"lərə yeni müştərilər tapıb

""S-400" müdafiə sistemləri yaxın vaxtlarda nəinki Türkiyəyə, eləcə də regionun digər ölkələrinə çatdırılacaq.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski bəyan edib.

Türkiyə Müdafiə Nazirliyi cümə günü bildirib ki, "S-400"lərin ölkəyə gətirilməsi prosesi başlanıb. Bir qədər sonra məlumatı RF Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti də təsdiqləyib.

"Türkiyə ilk qaranquş idi. Regionda mütləq "S-400"lər və Rusiyanın daha müasir silah sistemləri peyda olacaq. Biz sıx əməkdaşlıq edəcəyik, bu əməkdaşlığın həcmi çox böyükdür. Əminəm ki, bu işbirliyini hər vəchlə artırmalıyıq. Çox vacib və ciddi ölkələr özlərinin analoji tələbatları olduğunu bildirirlər və onlar da, təbii ki, təmin olunacaq", - Slutski RT telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, "tədarüklər olacaq, özü də ən yaxın zamanda".

Dörd "S-400" divizionunun tədarükü üçün müqavilə 2017-ci ildə bağlanılıb. 2,5 milyard dollarlıq məbləğin bir hissəsini Türkiyə öz hesabına, bir hissəsini isə Rusiya kreditinin hesabına ödəyəcək.

"S-400 Triumf" və ya digər adı ilə "S-300 PMU-3" Rusiyanın Almaz Mərkəzi Dizayn Bürosu tərəfindən istehsal olunan zenit-raket kompleksidir.